“HƏMAS liderinin öldürülməsindən sonra İran və İsrail arasında yaranan gərginlik fonunda dünya maraq və həyəcanla hadisələrin sonrakı gedişatını izləyir. İranın İsmayıl Haniyənin öldürülməsinə verəcəyi cavabın miqyası maraq doğurur. Keçmiş təcrübələrə əsasən hesab edilir ki, hücum danışılmış və məhdud səviyyədə olacaq.
Amma bu hücumun tarixi hələ də dəqiq bəlli deyil. Hücum bir neçə saata və ya günə baş tuta bilər”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloqun sözlərinə görə, İran verdiyi bəyanatın səviyyəsini elə həddə qaldırıb ki, hücumun əvvəlkilərdən fərqli və güclü olacağı fikri formalaşıb və gözləntilər də bu yöndədir:
“İsrail də fərqli və bir neçə günlük hücuma hazırlaşır. Hesab edirəm ki, hücumun mahiyyətindən asılı olmayaraq artıq tərəflər arasında qırmızı xətlər keçilib və olmaz deyilənlər olur. Hər halda hücumun olacağı mütləqdir. Amma bunun danışılmış döyüş olacağı da mütləqdir. Tərəflər bir-birilərinə qarşı hara kimi gedə biləcəklərini yaxşı bilirlər. Elə edirlər ki, həddi aşmasınlar”.
//Gülnarə Abasova, Editor.az