“İran-İsrail gərginliyi yenidən alovlana bilər”– Oqtay Qasımovdan ŞƏRHbackend

“İran-İsrail gərginliyi yenidən alovlana bilər”– Oqtay Qasımovdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın və Orta Şərqdəki gərginlik yenidən diqqət mərkəzindədir. İyun ayında baş verən 12 günlük toqquşmalardan sonra İran və İsrail arasında mövcud problemlər hələ də həllini tapmayıb. Politoloqların fikrincə, bu, regionda yeni qarşıdurmaların mümkünlüyünü göstərir. Hazırkı vəziyyət göstərir ki, tərəflər arasında razılıq çətin görünür və gərginliyin davamlılığı beynəlxalq güclərin, xüsusən ABŞ və İsrailin nüvə proqramına dair siyasətləri ilə birbaşa bağlıdır. Eyni zamanda, İranın hərbi qabiliyyətini gücləndirməsi və sərt ritorikası regionun sabitliyinə təsir edən əsas amillərdən biridir.

İyun ayında baş verən 12 günlük savaşdan sonra İran və İsrail arasındakı problemlər hələ də həllini tapmayıb. Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında qeyd edib ki, bu, yaxın gələcəkdə yeni qarşıdurmaların baş vermə ehtimalını artırır:

“Doğrudur, qarşıdurmanın dəqiq vaxtını demək çətindir, lakin uzun müddətdə baş verməyəcəyi aydındır. Tərəflər razılığa gələ bilmədikdə gərginlik yenidən alovlana bilər. Hazırda bu, mümkün görünmür. ABŞ və İsrail İranın nüvə proqramının tam dayandırılmasını istəyir, Tehran isə buna qarşıdır. Son dövrlər tətbiq olunan sanksiyalar və sərtləşən münasibət gərginliyin davam etdiyini göstərir. Hətta bəzi iddialara görə, HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümü zamanı, yəni 7 oktyabrda, İran İsrailə qarşı addım ata bilər. Ancaq bu barədə İsrail rəhbərliyi və ABŞ məlumatlıdır. Yaxın zamanlarda əsas diqqət HƏMAS-İsrail münaqişəsinin dayandırılmasına, Qəzzada mərhələli atəşkəsin təmininə və regionun bərpasına yönələcək”.

Politoloq əlavə edir ki, İsrailin davranışı həm daxili siyasi vəziyyətdən, həm də İranla bağlı prosesin gedişatından asılı olacaq:

“İranın sərt ritorikası onun 12 günlük savaş zamanı aşkar edilmiş zəif tərəflərini aradan qaldırmaq cəhdindən irəli gəlir. Rusiyadan alınan Su-30 təyyarələri, S-300 hava hücumundan müdafiə sistemləri və Çin istehsalı olan digər müdafiə avadanlıqları İranın hərbi imkanlarını artırıb. Bu da ölkənin sərt ritorikaya keçməsinə səbəb olub. Həm Çin, həm də Rusiya tərəfindən müəyyən təminatlar verilib, lakin 12 günlük savaş zamanı bu dövlətlərin İranı açıq şəkildə dəstəklədiyini və İsraili qınadığını görmədik”.

//Gülnarə Abasova, Editor.az