“Müharibədə qalib gəlmək üçün əvvəlcədən zəmin formalaşmalıdır. Buna rəqib haqqında strateji məlumatların əldə olunması, əsas güc mərkəzlərinin harada yerləşməsi, silah növləri və onların hansı şəraitdə istifadə olunması, bu silahlarla bağlı strateji planın olub-olmaması, taktiki gedişlər və s. aiddir. Yəni faktiki olaraq, düşmənə qalib gəlmək üçün ilk növbədə onun haqqında tam məlumatlı olmalısan”.
Editor.az bildirir ki, bunu Oxu.Az-a müsahibəsində İran-İsrail qarşıdurmasını şərh edən politoloq Tofiq Abbasov deyib. O, hətta İsrail dövləti yaranmamışdan əvvəl də onun şəbəkələrinin işlədiyini bildirib:
“Çünki artıq bu barədə düşünmüşdülər ki, öz məqsədlərinə çatmaq üçün qarşı tərəflər haqqında dolğun məlumatlar olmalıdır ki, manevr imkanlarını hansı formada realizə edəcəklərinə qərar versinlər. Prinsip etibarilə bu gediş özünü doğrultdu. Çünki Böyük Britaniya Yaxın Şərq üzrə mandat sahibi olan zaman Fələstin bölgəsi yəhudilərin nəzarətində idi və İkinci Dünya müharibəsinə qədər artıq bölgə uğrunda ingilislərlə yəhudilər arasında gərgin münasibətlər formalaşmışdı. Bu gün də İsrail elə qeyri-adi dövlətdir ki, ətrafını tamamilə düşmənləri əhatə edir, amma ciddi nəticə yoxdur. Sadəcə, İsrail dövlətinin bir çatışmazlığı var ki, o da bir neçə dəfə ərəblərlə apardığı müharibələrdə əldə etdiyi qələbələrin heç birini sülh potensialına transfer etməyi özünə borc bilməməsidir. Əksinə, nə qədər lazım olsa, o qədər vuruşacağını deyib.
– İsrail və İran daha çox kimə və nəyə arxayındırlar?
– İsrailin arxasında həm Amerika Birləşmiş Ştatları var ki, istər maddi, istər silah, istərsə də texnologiya baxımından ona dəstək verir, həm də casus şəbəkəsi, kəşfiyyat orqanları güclü işləyirlər. Buna görə də istənilən qüvvənin nəfəsini kəsməyə hazır olduğunu bəyan edir. Məsələn, İsrailin sabiq baş naziri Ariel Şarondan soruşmuşdular ki, qələbə qazanmaq baxımından şanslıdırlar, amma içində olduqları davamlı qarşıdurma nə vaxta qədər davam edəcək? O belə bir cavab vermişdi ki, İsrailin inkişafı birinci məğlubiyyətinə qədər olacaq. Əlavə etmişdi ki, İsrail məğlub ola bilər, amma onda özü dünya xəritəsindən yox ola bilər.
Həmçinin, İranın da özünəməxsus üstünlükləri var. Buna da casus şəbəkəsi və texnoloji üstünlüklər aiddir, lakin o nə dərəcədə İranın strateji hədəfinə yararlı olacaq – bu, artıq ikinci məsələdir. Ancaq İsrail öz yığcam imkanları nöqteyi-nəzərindən, yəqin ki, İran haqqında kifayət qədər məlumat toplayıb ki, ona təsirli və həssas zərbələr endirsin. Hazırda isə İran-İsrail qarşıdurması özünün ən pik nöqtəsindədir.
– Sizcə, tərəflərin əsas məqsədi nədir?
– İsrailin məqsədi, ilk növbədə, İranın nüvə proqramını, raket sisteminin hamısını məhv etməkdən ibarətdir. Ona görə də İran cəmiyyətinə genişspektrli casus şəbəkəsi yeridib və həqiqətən də, faydalılıq əmsalı ilə fəaliyyət göstərir. Lakin bir məsələ də var ki, İran da bir çox göstəricilərinə görə İsraili üstələyir.
– Əgər birbaşa toqquşmalar olsa, nəticə necə ola bilər?
– Birbaşa toqquşmalar olsa, İsrailin vəzifəsi çox çətin görünür. Çünki İran, həqiqətən də, güclü dövlətdir. İsrail ən yaxşı halda İranın nüvə obyektlərinin dağıdılmasına nail ola bilər ki, bunun üçün də təyyarələrinin İran əraziləri üzərindən maneəsiz uçması lazımdır. İran da bütün qonşularını bununla bağlı xəbərdar edib.
Düzdür, İsrail indi İrana psixoloji təsir göstərir ki, Tehranı daxildən parçalasalar belə, xəbəri olmayacaq, necə ki olmur. Amma İran nə dərəcədə bu planın qarşısında zəifdir – onu birbaşa qarşıdurma başlasa, görə biləcəyik. Çünki məxfilik baxımından İsrail kəşfiyyat strukturları heç vaxt iş baş tutana qədər səslərini çıxarmırlar. Bu baxımdan, hesab edirəm ki, İsrail indi daha hazırlıqlıdır, baxmayaraq ki, o, bir neçə cəbhədə vuruşur. Amma bir neçə cəbhədə vuruşmaq da İsraili tükədir. Çünki İsrail təyyarələri gecə-gündüz havadan zərbələr endirir, eyni zamanda, “Hizbullah” və HƏMAS da İsrailə hücum edirlər. Bütün bunların hamısını nəzərə alanda belə bir qənaətə gəlmək olar ki, İranla İsrail arasında müharibə olmasa, daha yaxşı olar, çünki əks halda bütün bölgə bundan zərər çəkəcək.
– Bu o deməkdir ki, müharibə həm də iqtisadi əsaslarla aparılır və iqtisadi təsirləri də qaçılmaz olur. Bəs bu günə qədər hansı tərəfin zərəri daha çox olub və olacaq?
– Aprel ayında İranın İsrailə ilk hücumu zamanı 60-70 milyon xərci çıxmışdısa, İsrailin xərci 1.5 milyard civarında olmuşdu.
– Bu kontekstdə başqa hansı amilləri nəzərə almaq lazımdır?
– Burada həm də medianın rolunu qeyd etmək lazımdır. Çünki media da özünəməxsus piar effektləri ilə məşğuldur. Nəzərə alsaq ki, dünyanın əksər populyar və geniş auditoriyaya məxsus media resursları dünya yəhudilərinin, o cümlədən də İsrail dövlətinin idarəsindədir, deməli, burada İsrail daha güclü görünür. Amma bu o demək deyil ki, müharibə başlayanda İsrail birmənalı şəkildə qalib gələcək və ya İran İsrailə elə bir zərbə vura bilər ki, İsrail dövlətinin mövcudluğu artıq gündəmə gəlsin. Çünki həm İran, həm də yəhudi diplomatiyasının (İsrail dövlətinin xarici vektorlarını müəyyən edən həm də dünya yəhudiliyidir ki, onlar da bir neçə vacib paytaxtda fəaliyyət göstərirlər), onların ümumi kollektiv yanaşması necə olacaq, əsas məsələ budur. Hər halda vəziyyət çox təhlükəlidir.