İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, İsrailin Qəzzaya qarşı hərbi cinayətləri davam edərsə, yeni cəbhənin açılması mümkündür.
Editor.az xarici mediaya istinadən bildirir ki, Abdullahiyan İraq səfərindən sonra gəldiyi Livanın Beyrut Beynəlxalq Hava Limanında keçirdiyi mətbuat konfransında İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.
“Biz Beyruta digər müsəlman dövlətləri ilə birlikdə İsrailin Qəzza xalqına qarşı törətdiyi qətllərə daha dözməyəcəyimizi yüksək səslə bəyan etmək üçün gəldik”,- deyə o qeyd edib.
İranın Fələstin partiyalarını güclü şəkildə dəstəkləməyə davam edəcəyini bildirən Abdullahiyan deyib: “Bəzi Qərb rəsmiləri sionist rejimə (İsrail) qarşı yeni cəbhənin açılmasının mümkünlüyünü soruşublar. Onlar müharibə cinayətləri törətməkdə davam edərlərsə, ehtimal ki, hər cür ehtimal müqavimətin tərəfindədir”.
İranlı nazir “qarşı müqavimət tərəfi” ifadəsinə aydınlıq gətirməsə də, bunun Livandakı Hizbullah olduğu məlumdur.
//Safura Bənnayeva, Editor.az

