İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran regionda eskalasiyaya can atmır, lakin “özünü müdafiə edə bilər”.
O qeyd edib ki, İran İsraillə müharibəyə hazırdır, lakin bunu istəməz. “İsrail rejimi bizim imkanlarımızı bilir… Biz israillilərdən fərqli olaraq bölgədə gərginliyin olmasını istəmirik. Təbii ki, biz müharibəyə, hətta irimiqyaslı müharibəyə də hazırıq. Amma bu bizim istəyimiz deyil. Bu bizim seçimimiz deyil. Əgər israillilər bu variantı seçsələr, biz buna tam hazırıq. Lakin onlar istənilən nəticəyə görə məsuliyyət daşımalıdırlar”, – nazir Portuqaliyanın “Diario de Noticias” qəzetinə deyib.
İran diplomatiyasının rəhbəri hesab edir ki, Yaxın Şərqdəki münaqişələrin həllində məsuliyyət ABŞ-ın üzərinə düşür. Onun fikrincə, İsrail “bütün regionu genişmiqyaslı müharibəyə sürükləməyə çalışır”. Əraqçi İranın müttəfiqi “Hizbullah” hərəkatının Livanın cənubunda iki aylıq döyüşlərdən sonra zəifləməsi ilə razılaşmır. “Əgər o, zəifləsəydi, mən düşünmürəm ki, İsrail atəşkəsə razı olmazdı”.
//Samir Qurbanov, Editor.az