“İyulun 24-də Ermənistan xarici işlər naziri Arorat Mirzoyan Tehrana səfər edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşündən bir gün öncə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bildirmişdi ki, İran Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsində maraqlıdır. Daha sonra isə İran XİN və prezident Seyid İbrahim Rəisi də eyni fikirlərdən çıxış ediblər. Ümumiyyətlə, rəsmi Tehranın bu qəbildən açıqlamalarına təəccüblənmək lazım deyil. Həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Ermənistanla sülhün əldə olunmasında maraqlı tərəflərdən biri olduğunu söyləsə də digər tərəfdən Azərbaycana qarşı təxribat yönümlü bəyanatlar verməkdə davam edir”.
Bunu Editor.az-a politoloq Sultan Zahidov İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənaninin “Tehran Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni raundunu dəstəkləyir. Qonşular arasında sülhün əldə olunmasında maraqlıdır”- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İran xüsusilə Qərb tərəfdən ciddi sanksiyalarla üzləşib və əməkdaşlıq edə biləcəyi ölkələrin sayı məhduddur: ” Ona görə də region dövlətləri arasında da Azərbaycanın strateji əhəmiyyətini anlayır. Azərbaycan Rusiya və İran arasında şimal-cənub koridorunun əhəmiyyətli elementidir. Ukrayna müharibəsi fonunda Rusiyanın ticari əlaqələri məhdud səviyyədədir. Rəsmi Moskva Tehranla ticari əlaqələrində şimal-cənub koridoruna böyük ümidlər bağlayıb “.
Politoloq İranın Azərbaycana qarşı münasibətinin yumşalmasında Rusiyanın da rolu olduğunu düşünür: “Azərbaycan və Ermənistan XİN-in Moskva görüşündən bir gün əvvəl İrandan belə bir bəyanat gəldi. Bu da o deməkdir ki, Tehran normallaşmanı dəstəklədiyini bildirsə də əslində hazırkı fazasını dəstəkləyir. Yəni, söhbət Moskva platformasından gedir. Bunu hətta Arorat Mirzoyanın Tehrana səfəri zamanı İbrahim Rəisi də bildirmişdi ki, Cənubi Qafqazdakı proseslər regional dövlətlər tərəfindən həll olunmalıdır. Yəni, kənar qüvvələrin müdaxiləsi yolverilməzdir. Eyni zamanda, İranın “3+3” platformasında maraqlı olduğu da diqqətə çatdırılıb. Məlumdur ki, rəsmi Tehran ABŞ-ı regiondakı maraqlarına ən böyük təhdid hesab edir “.
S. Zahidov dövlətlər arasındakı münasibətlərin düz xətt üzrə inkişaf etmədiyinə diqqət çəkib: ” Burada enmələr, yüksəlmələr də olur. Əvvəlki dövrlərə nəzər saldıqda Azərbaycan-İran münasibətlərində istiləşmənin olması ehtimalı böyükdür. Lakin bunun üçün İranın bir sıra addımlar atması vacibdir. Öz “kağız pələng” ritorikasından əl çəkərək Azərbaycana qarşı təhdidedici bəyanatlar verməməli, ölkəmizə qarşı təxribatlar həyata keçirməməli, üzərinə götürdüyü müəyyən öhdəlikləri yerinə yetirməlidir. Sentyabr ayında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş vermiş terror aktı şəffaf şəkildə araşdırılmalı, cinayətkarlarla bağlı məlumatlar verilməlidir “.
//Safura Bənnayeva, Editor.az

