İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl Zöhrəvənd İran-ABŞ danışıqlarının ikinci raundu öncəsi danışarkən ABŞ prezidenti Donald Trampın Omanda iki ölkə arasında danışıqlardan əvvəl verdiyi açıqlamalara istinad edərək Ağ Evin Maskatdakı görüşdə mövqeyinin dəyişməsinin diqqətəlayiq olduğunu bildirib.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Zöhrəvənd deyib: “İranla qarşıdurma ABŞ-ın dağılması demək olar. Maskat danışıqları öncəsi “təcavüzkar” bəyanatla çıxış edən və İranı təhdid edən Tramp Oman görüşündə mövqeyini xeyli dəyişib. ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff da ABŞ-ın İrana qarşı çevikliyindən çox məmnun qalıb”.
Zöhrevand Uitkoffun danışıqların ikinci raundunun “daha aydın gündəm”lə gələcəyini düşündüyünü və ABŞ tərəfinin “İranın atom fəaliyyətini hərbi inkişafa yönəltməməsi” ilə bağlı etimadı artıran bir təkliflə çıxış edəcəyini gözlədiyini bildirib. O bildirib ki, çünki bu təklif həm reallaşdırılmalı, həm də İslam Respublikasının müəyyən etdiyi “qırmızı xətləri” keçməməlidir.
Qeyd edək ki, martın əvvəlində ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə məktub göndərərək, İranın nüvə proqramı ilə bağlı Tehranla razılaşmağa üstünlük verəcəyini bildirib, əks halda hərbi reaksiya ilə hədələyib.
İran prezidenti Məsud Pezeşkian Tehranın cavab məktubunda ABŞ-ın nüvə proqramı üzrə birbaşa danışıqları rədd etdiyini və danışıqlar pəncərəsinin yalnız üçüncü ölkələrin vasitəçiliyi ilə açıla biləcəyini bildirib.
Aprelin 12-də Omanın paytaxtında ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Arakçi arasında dolayı danışıqlar keçirilib. ABŞ liderinin xüsusi nümayəndəsi danışıqların müsbət və konstruktiv keçdiyini bildirib.
//Gülnarə Abasova, Editor.az