İran niyə ikiüzlü siyasət yürüdür?- Politoloqdan açıqlamabackend

İran niyə ikiüzlü siyasət yürüdür?- Politoloqdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın Azərbaycanla tarixi-siyasi-mədəni və etnik bağlılıq hər zaman münasibətlərin normal formada davam etməsinə imkan vermişdir. Hər iki ölkə iqtisadi və siyasi sahədə əlaqələrin möhkəmləndirilməsində maraqlı olduqlarını hər zaman bəyan etmişlər. Son zamanlar iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etməsi də buna işarədir. Amma etiraf etməliyik ki, İran Azərbaycanla olan münasibətlərin qorunub saxlanmasına rəğmən, güclü və qüdrətli qonşusunun olmasına qısqanclıqla yanaşmışdır”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyib.

O, bildirib ki, 30 milyondan çox soydaşımızın İranda yaşamasını və tarixi-siyasi proseslərin dəyişən bilən təbiətini nəzərə aldıqda bunun başa düşülən olduğu anlaşılır:

“Ermənistana olan dəstəyin də bir çox hallarda bu məqsədlərə xidmət etdiyi açıq görünür. Dövlətlərin bir-biriləri ilə milli maraqlara söykənən, qarşılıqlı mənafeyə xidmət edən əlaqələri onların suveren hüququdur. Amma bu hüquq beynəlxalq hüquq normalarına, prinsiplərinə uyğun həyata keçirilməlidir. Bu baxımdan Azərbaycan İranın düşmən olan, terrorçu, işğalçı Ermənistanla istənilən sahədə münasibət qurmasına belə normal baxmışdır. Bununla belə, Azərbaycan İsraillə olan münasibətlərinə də İranın normal yanaşmasını istəmişdir”.

Politoloqun sözlərinə görə, İran İslam Respublikası Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsinə, on millərlə azərbaycanlının qətlə yetirməsinə, əhalisini soyqırıma və terrora məruz qoymasına, məscidləri, dini abidələrini dağıtmasına baxmayaraq susqunluq nümayiş etdirməsi təəccüb doğurur:

“O cümlədən, son zamanlar İran tərəfindən Azərbaycanın tərkib hissəsi olan Qarabağa, separatçıların hələ də mövcud olduğu ərazilərə qanunsuz səfərlər təşkil olunması, müxtəlif yük avtomobillərinin göndərilməsi bu ölkənin beynəlxalq hüquq normalarını pozduğunu açıq nümayiş etdirir. Qeyd edək ki, bu cür vəziyyətin 44 günlük müharibə dövründə də müşahidə edildiyi müxtəlif KİV-lərdə dəfələrlə əks olundu. Ölkədəki ciddi etirazların qalxmasından ehtiyat edən İran bu addımından qismən də olsa geri çəkildiyi də diqqətdən qaçmadı. Maraqlı görünən odur ki, İranın dost-qardaş hesab etməsinə, ərazi bütövlüyünü dəstəkləməsinə, Qarabağ müharibəsində Azərbaycanın haqlı mövqeyini de-yure bəyan etməsinə baxmayaraq Ermənistana hər hansı bir etiraz etməməsi, əksinə onunla münasibətlərini daha da yüksək səviyyəyə qaldırması, üstəlik Qarabağa qanunsuz yük avtomobillərini göndərməsi Azərbaycan ictimaiyyətində haqlı narahatlıqlar doğurur. Bunun qonşu dövlətin ölkəmizin daxili işlərinə birbaşa müdaxilə etməsi, separatçı qüvvələrə dəstək verməsi kimi qiymətləndirilir”.

Ramid Hüseynov qeyd edib ki, Azərbaycan tərəfinin İranın ölkəmizdəki səfirinə bununla bağlı etiraz notasını təqdim etməsi və bu addımın yolverilməz olmasını səfirin diqqətinə çatdırması müsbət hal kimi dəyərləndirilir:

“Düşünürəm hər bir dövlət dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü prinsipi ilə razılaşmalı olduğunu unutmamalı, milli maraqlara söykənən siyasətə üstünlük verməlidir. Ermənistanla müqayisədə Azərbaycanla iqtisadi-siyasi-mədəni sahədə əlaqələrin genişləndirlməsi, münasibətlərin daha da yaxşılaşdırılması Azərbaycanla bərabər İranın özü üçün də çox faydalıdır. O cümlədən, beynəlxalq təzyiqlərin artması, xristian həmrəyliyinin güclənməsi fonunda Cənubi Qafqazda sülhün və sabitliyin qorunub saxlanılması, iqtisadi-siyasi əlaqələrin möhkəmləndirilməsi dövlətlərin hərbi təhlükəsizliyinin təmin edilməsi, xarici müdaxilənin qarşısının alınması baxımdan önəmlidir”.

//Gülnarə Abasova, Editor.az