İran Pakistana raket zərbəsi endirdi: iki ölkə rəsmiləri Davosda nə danışdılar?backend

İran Pakistana raket zərbəsi endirdi: iki ölkə rəsmiləri Davosda nə danışdılar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində İranın xarici işlər naziri Əmir Abdullahyan və Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar arasında şəxsi görüş keçirilib.

Editor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Görüş Tehranın Pakistan ərazisinə raket zərbələri endirməsindən az sonra baş tutub. “Nazir ölkə prezidentinin salamlarını Pakistanın Baş nazirinə çatdıraraq, iki ölkə arasındakı əlaqələri dərin və tarixi adlandırıb və Tehranın onları mümkün qədər genişləndirməyə hazır olduğunu vurğulayıb”, – İran XİN-dən bildiriblər.

Görüş zamanı Tehran və İslamabad arasında birbaşa aviareyslərin yaradılmasının zəruriliyi, eləcə də ikitərəfli münasibətlərin digər məsələləri müzakirə olunub. Rəsmilərin İranın Pakistana endirdiyi zərbələr mövzusuna toxunub-toxunmadığı dəqiqləşdirilməyib.

Xatırladaq ki, yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) terrorçu “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı qərargahına raket zərbələri endirib. Qrupun qərargahının raketlər və dronlarla məhv edildiyi qeyd edilir. SEPAH ilk dəfədir ki, Pakistan ərazisinə hücum edir, zərbələr nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Pakistan Xarici İşlər Nazirliyi İran ordusunun onun ərazisinə hücumunu ölkənin hava məkanının pozulması adlandırıb və bunun nəticələri barədə xəbərdarlıq edib.

//Samir Qurbanov, Editor.az