İran parlamentlnin sədri: Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlıyıqbackend

İran parlamentlnin sədri: Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

“Report” xəbər verir ki, İran parlamentinin sədri ölkəsinin Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

M.Qalibaf deyib ki, Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir və onlar ölkəmizlə münasibətlərə xüsusi əhəmiyyət verirlər. O, İranın yeni seçilmiş rəhbərliyinin siyasətində qonşu ölkələrlə münasibətlərdə heç bir dəyişikliyin olmadığını, parlamentlər səviyyəsində də əlaqələrin daha da genişləndirilməsi istiqamətində mövqeyin davam edəcəyini söyləyib.

Qeyd olunub ki, İran yaxşı qonşuluq, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsinin bütün regionda sülh və təhlükəsizliyə töhfə verəcəyinə inanır. Bildirilib ki, biz iqtisadi əməkdaşlıq, nəqliyyat, regional kommunikasiya imkanlarından geniş istifadə etməliyik. İran parlamentinin sədri “3+3” formatında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

S.Qafarova ölkələrimizin və xalqlarımızın ortaq tarixi, mədəni, dini dəyərləri bölüşdüklərini qeyd edib, ölkələrimiz arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb. O, ikitərəfli formatda əldə edilmiş razılaşmaların, həyata keçirilən birgə layihələrin əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan regionda sülh və təhlükəsizliyin, əməkdaşlığın təmin olunmasına böyük əhəmiyyət verir və ölkəmiz sülhpərvər siyasət həyata keçirir.

Görüşdə parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Qeyd edilib ki, bu il hər iki ölkədə parlament seçkiləri keçirilib. Azərbaycan və İran parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yeni tərkibləri formalaşdırılıb. Qanunverici orqanlarımızın bir sıra beynəlxalq parlament təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğu diqqətə çatdırılıb.

Görüşdə cari ilin noyabrında Bakıda COP-29 çərçivəsində keçiriləcək Parlament Konfransı ilə bağlı məsələlər də müzakirə edilib. Parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.