“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə İran prezidenti Məsud Pezeşkianın zəng etməsi və İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin qəbul edilməsi ölkələrimiz arası münasibətlərin inkişaf etməsinə töhfə verəcək. Dövlət başçımız Mehdi Sənayinin Azərbaycan səfərinin ikitərəfli gündəliyilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycanla İran arasında Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlıqın dərinləşdirilməsi istiqamətində böyük imkanlar mövcuddur:
“O cümlədən, hökumətlərarası komissiyanın fəaliyyətinin intensiv şəkildə davam etməsi iqtisadi və humanitar sahələrdə əməkdaşlığın şaxələndirilməsinə öz müsbət təsirini göstərir. Həm də mətbuatda verilən məlumatlara görə, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri gözlənilir və bu səfərin reallaşması ölkələrimiz arası münasibətləri yeni bir müstəviyə çıxaracaq.
Təbii ki, müzakirələr zamanı Araz çayı üzərində körpülərin tikilməsi, İran ərazisindən Naxçıvanla yolumuzun açılması, Zəngəzur dəhlizin açılmasının İranın maraqlarına heç bir mənfi təsirin olmayacağı ilə bağlı və digər məsələlər müzakirə oluna bilər. Ümumiyyətlə, dövlət səviyyəsində rəsmi səfərlərin müntəzəm hal alması ölkələrimiz arası münasibətləri daha da yaxınlaşdırır və müəyyən fikir ayrılıqlarının aradan qalxmasına töhfə verir”.
//Gülnarə Abasova, Editor.az