“İran Prezidenti ölkənin birinci şəxsi və ya həlledici fiquru deyil. Ona görə də onun istənilən halda vəzifə və səlahiyyətini icra edə bilməməsi ölkənin daxili və xarici siyasətinə elə də ciddi təsir göstərmir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmaları mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, İbrahim Rəisinin helikopter qəzası nəticəsində həlak olması ölkə siyasətinə ciddi təsir göstərməyəcək:
“Çünki bu rejimin xarici və daxili siyasətinin, dövlətin başında ali rəhbər və onun nəzarəti altında olan qurumlar dayanır. Bu qurumların isə ölkənin daxili və xarici siyasətində dəyişikliklə bağlı hər hansı addımı gözlənilmir. Bu baxımdan İbrahim Rəisinin yoxluğu sadəcə onun yenisi ilə əvəz olunması ilə nəticələnəcək. 40-50 gün ərzində İranda yeni Prezident seçiləcək və Tehran rejimi öz həyatını davam etdirəcək. Əlbəttə ki, o vaxta qədər İran daxilində və dünyada ciddi hadisələr baş verməzsə…”.
//Gülnarə Abasova, Editor.az