İran Qərb koalisiyası ilə üz-üzə:”ABŞ-ın döyüş gəmisi İsrailə yaxınlaşır”-AÇIQLAMAbackend

İran Qərb koalisiyası ilə üz-üzə:“ABŞ-ın döyüş gəmisi İsrailə yaxınlaşır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fələstin ərazisində mövcud olan terrorçu qruplaşmaların silahlanmasını həyata keçirən dövlət İrandır”.

Bunu Editor.az-a politoloq Samir Hümbətov İranın Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasındakı münaqişənin daha da gərginləşməsini istəmədiyi və eyni zamanda rəsmi Tehranın İsrailə Qəzza zolağında hərbi əməliyyatı davam etdirdiyi təqdirdə müdaxilə etmək məcburiyyətində qalacağını qeyd etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, indiki məqamda İrana İsraillə gərginliyə girmək sərf etmir:

“Üzdə münaqişə tərəfdarı olmadığını göstərə bilər, lakin İsrailin möhkəmlənməsini istədiyini də düşünmürəm.İran özünə bağlı olan qruplar vasitəsilə İsraili zəiflətmək prosesini həyata keçirməyə çalışır. Əgər hər hansı terror qruplaşması bu gün müharibəyə cəlb olunubsa, bunun dəstəklənmiş formada baş tutduğu ortaya çıxır”.

Politoloq HƏMAS-ın iki illik hazırlıq müddətini belə gizli aparmasının asan iş olmadığı düşünür:

“Buna İranın dəstək verdiyi aşkardır. İran nə qədər bu dəstəyi təkzib etsə də həqiqətlər zamanla ortaya çıxacaq. Amerikanın döyüş gəmisinin İsrailə yaxınlaşması da rəsmi Tehran üçün böyük təhdid sayılır. Münasibətlər kəskinləşərsə, İrana müdaxilə də istisna edilmir. Buna görə də rəsmi Tehran münaqişəni sakitləşdirməyə çalışır. İsrail qarşısında hərbi qruplaşmaları təkbaşına buraxsa, İranın Yaxın Şərqdəki bütün nüfuzu dağıla bilər. Bunun baş verməməsi üçün isə münaqişəyə qoşulmağa məcbur qalacaq. Həmin halda artıq Qərb koalisiyası ilə üz-üzə qalacaq, bu da böyük miqyaslı müharibəyə çevrilə bilər”.

//Safura Bənnayeva, Editor.az