“3 aya yaxındır ki, İran daxilində kütləvi etirazlar davam edir. Xalqın dinc narazılığına molla rejimi adekvat reaksiya nümayiş etdirmir. Vətəndaşları dinləyib problemləri aradan qaldırmaq əvəzinə zor tətbiq edirlər. Bu da İranda etirazları daha da alovlandırır, xalq və mövcud rejim arasında uçurumu dərinləşdirir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.

Onun sözlərinə görə, İran daxilində molla rejimi formalaşdıqdan sonra daha geniş tətbiq edilən etnik ayrıseçkiliyin şahidi olduq:
“Cənubi azərbaycanlılara qarşı repressiv davranışlar nümayiş olunur. Molla rejimi, cinayətkar hərbi birləşmələr, SEPAH kimi terrorçu qruplaşmalar öz vətəndaşlarına qarşı çox amansız qətliamlar törədir. Oğurlanmış minlərlə fəallar, gənclər həbsxanalarda görünməmiş işgəncələrə məruz qalır. Bu hal bir çox insanlarda İranın parçalanacağı, Cənubi Azərbaycanın müstəqillik əldə edəcəyi, Şimali Azərbaycanla birləşəcəyi ümidini doğurub. Amma hesab edirəm ki, mövcud beynəlxalq situasiya heç də İranda hakimiyyət dəyişikliyini diktə etmir. Tam əksinə mövcud şərait, 44 günlük müharibədən sonra Azərbaycanın bölgədə nüfuzunun sürətlə yüksəlməsi, Türk birliyinin genişlənməsi,Türkiyə-Azərbaycan əlaqələrinin yüksələn xətlə artması Qərb ölkələrini, ABŞ, Çin, Rusiyanı ciddi şəkildə narahat edir. Bu gücün zəiflədilməsində əsas alət kimi İranı görürlər. Amerikanın, Qərbin dəstəyi ilə açıq şəkildə xalqa divan tutan İran molla rejimi havadarlarından dəstək alaraq bundan sonra da ayaqda qalmağa çalışır”.
Politoloqun fikrincə, cəmiyyətdə Qərbə nifrət üzərindən təbliğat aparmaqla hakimiyyətə qarşı formalaşmış mənfi gücün kənarlaşdırılmasına çalışırlar: “Bu gün “ABŞ İranı vurmağa hazırlaşır, Qərb İranı parçalamağa çalışır” kimi bəyanatlar məhz molla rejiminin ideoloqları tərəfindən hazırlanaraq özünün əlaltıları vasitəsiylə dövriyyəyə buraxılıb. Bu gün Amerika və Qərb nəinki İranı dağıtmaq, əksinə mövcud rejimi qoruyub-saxlamağa çalışan başlıca qüvvələrdir. Bunu İran və dünya gücləri də çox yaxşı bilir. Amma məhz əl altıları vasitəsilə təbliğat formasını ortaya atan İran rejimi Qərb, Amerika güclərini düşmən obrazına çevirməklə daxildəki narazı kütlənin diqqətini ölkədən kənara çıxartmağa çalışır. Çox təəssüf ki, Azərbaycanda bu təbliğatın rolu olan insanlar, eyni zamanda qeyri-şüuri şəkildə bu təbliğatın təsiri altıda olan şəxslər var.
İran molla rejiminin özünü bu qədər rahat hiss etməsinin, dinc sakinlərə divan tutmasının, yüzlərlə insanı, qadınları, körpələri xalqın gözü qarşısında qətl etməsinin gücünü məhz Qərbdən, proseslərə ikiüzlü yanaşan Çindən, ABŞ-dan alır. İran rejimi bilir ki, indiki halda dövlətin parçalanması Qərbin maraqlarına qətiyyən uyğun deyil. Ona görə nə qədər belə cinayət törədilsə də İran dövlətinə “gözün üstündə qaşın var” deyən olmayacaq, heç bir ciddi sanksiyalar tətbiq edilməyəcək, qəbul edilən sanksiyalar bəyanatdan irəli getməyəcək. Buna görə də İran hökuməti əliyalın vətəndaşı küçənin ortasında güllələnməsi kimi açıq cinayət törətməkdə özünü rahat hiss edəcək”.
//Safura Bənnayeva, Editor.az

