ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyasının təhlükəlıi sürprizləri davam edir. Onlardan biri də İran ərazisindən Türkiyəyə dördüncü dəfə raket atılmasıdır.
Onların hamısı havada zərərsizləşdirilsə də, bundan öncəki insident zamanı qardaş ölkə rəhbərliyi böyük təmkin göstərərək, hələlik cavab zərbəsi endirməyəcəyini bildirmişdi. Eyni zamanda, rəsmi Ankara səbrinin də sonu olduğunu və özünün “qırmızı xətti”ni qarşı tərəfə xatırlatmışdı.
Doğrudan da, NATO üzvü Türkiyə bu cür təxribatlara cavab verməyə başlasa, görəsən İrandakı rejimin halı necə olar?..
Maraqlıdır ki, Tehran bu insidentlərin heç birini araşdırmadı. Yalnızca “xəbərimiz yoxdur”la olayı ört-basdır eləməyə çalışdı. Naxçıvana dron hücumu zamanı da eyni mövqe tutuldu. Azərbaycan XİN başçısı Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə söhbət zamanı iki dəfə bu məsələni qaldırsa da, yenə nə cəzalandırılan var, nə də gözünə “kül üfürülən”.
Axı bu qədər təsadüf, səhv-yanlış ola bilməz(di). Əgər səhvin nəticəsidirsə, nə əcəb raket və ya dronlardan biri bu bir ayda həmsərhəd Ermənistan tərəfə, yaxud Amerika Universitetinin yerləşdiyi İrəvana da uçmur?..
![]()
Bu yerdə kiçik bir detala diqqət ayırmağa dəyər. Xəbər verildiyi kimi, bir qədər öncə Abbas Əraqiçi göndərilən humanitar yardımlara görə Azərbaycan Respublikasına minnətdarlıq bildirib. Sitat belə idi: “Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm. Çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir”.
İran XİN başçısı az sonra Ermənistana da təşəkkür edib. Nazir X sosial media hesabında bu xüsusda belə yazıb: “Ermənistan hökuməti və xalqının İran xalqına iranlıların təxliyəsi və humanitar yardım göstərilməsi üçün verdiyi dəstək çox təqdirəlayiqdir. İran və Ermənistan arasındakı əsrlər boyu davam edən əlaqələr çətin bir dövrdə öz gücünü bir daha nümayiş etdirdi və bu qardaşlıq addımları İran xalqının yaddaşında qalacaq”.
“Qardaşlıq addımları…” Diqqət edin, Azərbaycana ünvanlı təşəkkürdə “qardaş” sözü işlədilməyib, yalnız “ortaq mədəniyyətdən” danışılır. Əslində, ən səmimisi də elə budur. Çünki biz gerçək qardaşlıq nümunələrini torpaqlarımız erməni işğalı altında olanda əyani görmüşük…
Deyilə bilər ki, İran hakimiyyəti deyərkən fərqləndirməyə ehtiyac var. Çünki hazırda orada əsas söz sahibinin prezident Məsud Pezeşkian hökumətinə deyil, SEPAH-a məxsus olduğu sirr deyil. Ancaq bütün hallarda “yolunu azan” dron və raketlərə görə məsuliyyət cənub qonşumuzun üzərində qalır.
Yeri gəlmişkən, bu arada “Iran International” nəşri özünün vəziyyətlə tanış olan mənbələrinə istinadla yazıb ki, Pezeşkyanla SEPAH komandiri Əhməd Vəhidi arasında ciddi fikir ayrılıqları yaranıb. Anonimlik şərti ilə danışan mənbələr bildirib ki, prezident SEPAH-ın gərginliyi artırmaq və qonşu ölkələrə hücumları davam etdirmək yanaşmasını tənqid edib və bunun ağır iqtisadi nəticələri barədə xəbərdarlıq edib.
Mənbələrə görə, Pezeşkyan onu da vurğulayıb ki, müharibə dayandırılmasa, İran iqtisadiyyatı üç həftə və ya uzağı, bir ay ərzində çöküşlə üzləşə bilər. Bəzi digər analitiklərə görə isə müharibənin bir ayının tamamında İran artıq özünün iqtisadi-hərbi imkanlarının son həddinə yaxınlaşmaqdadır. Belə ki, bu müddətdə neft ixracı gündə 2 milyon barel olan pik həddən 1,2 milyon barelə düşüb ki, bu da büdcə gəlirlərinə ciddi təsir göstərməkdədir…
Amma erməniyə “qardaş” deyən Əraqçi ən əvvəl Pezeşkian komandasının üzvüdür.
Musavat.com

