“İranın hərbi sənaye, xüsusilə silah satışına sanksiyalar tətbiq olunub. İranın Ukraynaya dronlar satması məsələsi təsdiqlənib və ölkəyə yaxın vaxtlarda silah satışı ilə bağlı əlavə sanksiyaların tətbiqi də istisna olunmur. İran hakimiyyəti ciddi cəhdlə Rusiyaya hər hansı PUA-lar satmasını təkzib edir. Bu isə onu göstərir ki, İran tərəfi silah satışlarını gizli şəkildə qaçaqmalçılıq yolu ilə həyata keçirir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

Politoloq bildirib ki, İranın Ermənistana silah satışı qanunsuz sayılır:
“Çünki İranın silahla bağlı satışına sanksiya tətbiq edilib. Rəsmi Tehranın yeni raketləri sınaqdan keçirməsi ilə bağlı da sanksiyalar var. Odur ki, İranın Ermənistana da silah satışı təsdiqlənərsə, hər iki ölkəyə daha geniş sanksiyaların tətbiq olunması mümkündür. Heç kimə sirr deyil ki, Azərbaycan Silahlı Qüvvələri hərbi texnikasını müasirləşdirir, silah arsenalına yeni avadanlıqlar əlavə edir. Bu, həm Ermənistanı, həm də İranı narahat edir. İran hakimiyyəti ona görə narahatdır ki, şimal qonşusu daha müasir silahlara yiyələnir. Ermənistan da bu istiqamətdə rəqabətə davam gətirə bilmədiyindən təskinlik üçün İranın müasir dünyanın hərbi avadanlıqlarından geri qalan silah texnikasını almaqla özünə təskinlik verir. Bu həm də Ermənistanın Rusiya hərbi texnikasına etibar etməməsindən rəli gəlir. Belə ehtimal etmək olar ki, Ermənistan silah bazarında İranı Rusiya ilə əvəz edir. Bu həm də rəsmi İrəvanın Moskvaya xəyanəti deməkdir. Ermənistanla İran hakimiyyəti arasında həm işğal, həm də işğaldan əvvəl və sonrakı dövrlərdə hərbi sahədə əməkdaşlıq davam edib. Məsələn, müharibə zamanı belə xəbərlər yayılmışdı ki, İran ərazisindən Rusiya hərbi texnikası Ermənistana ötürülür. Ancaq kimsə təminat verə bilməz ki, İran hərbi texnikası müharibə illərində Ermənistana ötürülməyib”.
S. Soltanın sözlərinə görə İran Ermənistanla hərbi əməkdaşlıq etməklə Azərbaycana qarşı təzyiq göstərməyə çalışır:
“İstəyir ki, İran-Ermənistan hərbi ittifaqının güclü olduğunu və Azərbaycana qarşı birgə fəaliyyətlərini gizlətməsin. Bu həm də regionda Türkiyə-Azərbaycan-İsrail əməkdaşlığına qarşı Rusiya-İran-Ermənistan əməkdaşlığıdır. İran ciddi cəhdlə Cənubi Qafqazda hərbi sahədə söz sahibi olmaq istəyir. Ermənistan da bu məsələlərdə hər zamankı kimi regionda marağı olan İranın da əlində alətdən başqa bir şey deyil”.
//Gülnarə Abasova, Editor.az

