İran rejiminin növbəti uğursuzluğu: “Bu taktika əks effekt verdi”-AÇIQLAMAbackend

İran rejiminin növbəti uğursuzluğu: “Bu taktika əks effekt verdi”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə İranda tələbə qızların kütləvi şəkildə zəhərlənməsi xəbəri yayılır. Lakin buna səbəb kimi gah təbii qazı gah da yeməyi nümunə göstərirlər. Ölkə üzrə ümumilikdə 1657 qız tələbənin zəhərlənməsi bunun sadəcə bir zəhərlənmə ehtimalı olmasını azaldır. Bəzi ekspertlərin fikrincə isə bu zəhərlənmə qızların gələcəkdə ana olma ehtimalını azalda bilər.

Digər tərəfdən də istər zərərçəkmişlərin valideynləri, istərsə də müəllim kollektivləri məsələ ilə bağlı aksiyaya qalxıblar.

Məsələni Editor.az-a şərh edən politoloq Sədrəddin Soltan baş verənləri qadınlara qarşı kütləvi zorakılıq hadisəsi adlandırıb:

“Əvvəllər qadınlara qarşı kimyəvi maddələrlə işgəncələr tətbiq olunub. Məsələn əxlaqsızlıq etdiklərini bəhanə edərək üzlərinə sulfat turşusu atılıb, yaxud parkda idman etdikləri üçün təhdid olunublar. İran hakimiyyəti bu tip məsələlərdə həmin qadınları günahkar görüb. Bu hadisə təkcə Güney Azərbaycanda deyil, bütövlükdə İranda baş verən zorakılıqdır. Məktəbli qızlardan, universitetdə təhsil alan qızlara qədər çox böyük təbəqəni əhatə edir. Güney Azərbaycanın 10-a yaxın təhsil müəssisəsində qızlar zəhərlənib. Bir sıra təhlillər var. Bəzi ekspertlər iddia edir ki, bunu İran hakimiyyətinin daxilindəki bir qüvvə reallaşdırır. Bunun səbəbini isə qızların hicaba qarşı aksiyalarda iştirak etməsi ilə əlaqələndirirlər. Hesab olunur ki, qadınların fəallığına qarşı atılmış addımdır, cinayətdir”.

Politoloqun fikrincə, bəzi qüvvələr isə bunun arxasında İranın daxili işlər naziri Əhməd Vahidinin dayandığını iddia edir:

” O, 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzinin partladılmasında iştirak edənlərdəndir. Terrorçuluqda adı çıxan nazirin bu tip əməl törədəcəyi də mümkün qiymətləndirilir. Digər tərəfdən isə məqsəd ölkədə xof yaratmaqdır. Yəni aksiyalarda iştirak edənlərin başına çox ciddi hadisələr gələ bilər. İran hakimiyyəti də bunu xarici qüvvələrin etdiyini bildirir. Dünən də bununla bağlı açıqlama verildi ki, sözügedən əməli törədənlərə əhv yoxdur və cəzalandırılacaqlar, hətta edam olunacaqlar,amma, səbəbkarlar tapılmır. Bu fəal qızlara qarşı hakimiyyətin bilərəkdən və ya bilməyərəkdən törətdiyi cinayətdir. Lakin bu əks effekt yaradır. Qızları zəhərlənmiş valideynlər İran hakimiyyətinin məsul qurumları qarşısında etiraz aksiyaları keçirirlər. Bu gün Təhsil Nazirliyi qarşısında keçirilən etiraz aksiyasının da şüarı “Uşaq qatili olan rejimə ölüm!”dür”.

//Gülnarə Abasova, Editor.az