“İran rəsmilərinin bu bəyanatlarının indiki geosiyasi durumda heç bir məntiqi əsası yoxdur”- ŞƏRHbackend

“İran rəsmilərinin bu bəyanatlarının indiki geosiyasi durumda heç bir məntiqi əsası yoxdur”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ rəsmilərinin, o cümlədən Birləşmiş Ştatlar prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun bəyanatlarına baxmayaraq, uranı zənginləşdirməyə davam edəcək. Bildirilib ki, əgər rəsmi Vaşinqton Tehranın nüvə silahına sahib olmamasında maraqlıdırsa, iki tərəf arasında “əlçatan” saziş əldə olunmalıdır.

Politoloq Azər Qasımov Editor.az-a bildirib ki, İranın verdiyi ziddiyyətli bəyanatlar ilk növbədə ABŞ-a güc göstərişinə hesablansa da, əslində, düşdükləri durumun çıxılmazlığı səbəbindəndir:

“İran ABŞ-la güc dilində danışmağın onların səviyyəsində olmadığını yaxşı bilir. Amma Trampın hakimiyyətə gəlməsindən sonra verdiyi bəyanatlar və atdığı addımların boş çıxması İranı nisbətən ürəkləndirməyə səbəb olur. Onlar Trampın İran təhdidinin də arxasının boş ola bilmə ehtimalını fikirləşirlər. Trampın son ərəb ölkələri turnesindən sonra İrana qarşı təhdidlərin gerçək olma ehtimalı da böyükdür. İranın nüvə proqramı da ərəb dövlətlərinə təhdiddir. Bu baxımdan İranın vurulması gerçəkləşə bilər.

İran tərəfi “əlçatan” saziş anlayışını özü bildiyi kimi təqdim etməyə çalışır. Amma bir şeyi bilə-bilə dözardı etməyə çalışırlar ki, bu məsələnin ikinci yönü yoxdur. Tramp açıq şəkildə deyir ki, Tehran nüvə silahına sahib ola bilməz. İranın hansısa şərtlər irəli sürməsi burda rol oynamır. Əks halda İran hərbi hücuma məruz qalacaq. Rəsmi Tehran hesab edir ki, dünya o qədər rahat bir yerdir ki, hər kəsin seçim etmək şansı və ixtiyarı var. Xüsusən də, nüvə silahına sahib olmaq məsələsində. Hesab edirəm ki, İran rəsmisinin bəyanatının indiki geosiyasi durumda heç bir məntiqi əsası yoxdur. Rəsmi Tehran ya Trampın göstərişlərinə sözsüz və şərtsiz əməl edəcək, ya da sanksiya və hərbi zərbələrə məruz qalacaq”.

//Gülnarə Abasova, Editor.az