İran savaşının Azərbaycan və Türkiyəyə keçmə riski… – VACİB AÇIQLAMAbackend

İran savaşının Azərbaycan və Türkiyəyə keçmə riski… – VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və müttəfiqi İsrailin İrana qarşı başlatdığı müharibənin 32-ci günüdür. Ötən bir ay regionda balansların nə qədər kövrək olduğunu açıq şəkildə göstərməkdədir. Xüsusilə, son günlər İran tərəfindən Türkiyə istiqamətində atıldığı iddia edilən raketlər və NATO sistemlərinin onları zərərsizləşdirməsi xəbərləri savaş təhlükəsinin daha geniş coğrafiyaya yayılmaq ehtimalını gündəmə gətirib.

Münaqişə regional çərçivədən çıxaraq Azərbaycan və Türkiyəyə sıçraya bilərmi?

Regionda hərbi-siyasi dinamikanın sürətlə dəyişdiyi bir vaxtda təhlükənin real olub-olmaması ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bir tərəfdən, NATO üzvü olan Türkiyənin kollektiv müdafiə mexanizmləri ilə qorunması müəyyən təhlükəsizlik təminatı yaradır. Digər tərəfdən isə İranın raket imkanları və proksi təsir dairəsi bu qarşıdurmanın yalnız bir cəbhə ilə məhdudlaşmayacağını göstərir. Maraqlı məqamlardan biri də budur ki, eyni müdafiə mexanizmləri ərəb ölkələrinə münasibətdə tətbiq olunmur. Cənub qonşumuz ərəb dünyasına zərbələr endirməyə davam edir.

Şübhəsiz ki, Azərbaycan həm coğrafi yaxınlıq, həm də strateji tərəfdaşlıqları səbəbilə mümkün risklərin kənarında deyil. Türkiyə ilə hərbi-siyasi ittifaq, enerji və nəqliyyat layihələrinin əhəmiyyəti bu təhlükənin yalnız nəzəri olmadığını göstərir. Belə bir mürəkkəb geosiyasi mənzərədə əsas məsələ odur ki, region ölkələri bu dalğalanmadan necə qorunacaq və münaqişənin sərhədləri harada dayanacaq?

badam.jpeg (279 KB)

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a açıqlamasında bildirib ki, 32 gündür İranda davam edən müharibə və Fars körfəzində dərinləşən gərginlik heç də bitmə mərhələsinə daxil olmur:

“Düzdür, ABŞ müharibənin qısa zamanda başa çatacağı ilə bağlı açıqlamalar verir. Amma verilən açıqlamalar heç də reallıqda öz əksini tapmır və təəssüf ki, yeni gələn hər gün gərginlik daha da dərinləşməkdədir. Bu gün müharibənin əhatə dairəsinin genişlənməsi və digər region ölkələrinin də cəlb olunması ilə bağlı təhlükəli vəziyyət yaranıb. Hətta Naxçıvana PUA və Türkiyəyə raket hücumları baş verdi. Türkiyəyə endirilən raketlər NATO-nun havadan hərbi müdafiə sistemləri tərəfindən zərərsizləşdilir. Amma belə halların olması regionda narahatlığı artırır. Biz region ölkələri olaraq müharibənin genişlənməsinə yol verilməməsi üçün çalışırıq. Hətta Azərbaycan İrana humanitar yardımlar göndərir və öz ərazisindən humanitar yardımların çatdırılması üçün dəstək verir. Həm də diplomatların təhlükəsiz təxliyə edilməsi üçün imkanları səfərbər edib. Yəni nə Azərbaycan, nə də Türkiyə müharibənin davam etməsini və genişlənməsini istəyir. Amma özümüzdən asılı olmayaraq buna yenə də cəhdlər ola bilər. Bu baxımdan biz öz ərazilərimizi mümkün risklərdən qorumaq üçün 1 nömrəli hazırlıq vəziyyətində olmaqda davam etməliyik. Regionumuzun təhlükəsizliyi ancaq özümüzün təhlükəsizliyi deyil. Biz ərazilərimizdən keçən beynəlxalq tranzit dəhlizlər vasitəsilə qitələrarası daşımaları təmin edirik. Həm də Azərbaycan Avropanın enerji təhlükəsiliyinin təminatında yaxından iştirak edir. Bu baxımdan regionumuzun təhlükəsizliyi böyük bir coğrafiya üçün təhlükəsiz ticari əməkdaşlığın davam etdirilməsi deməkdir. Cənubi Qafqaz və Türkiyə mümkün qədər müharibə risklərindən qorunmalı, davam edən müharibənin tez başa çatdırılması üçün səylərini genişləndirməlidir”.