“İran maşınlarının Qarabağa yollanması yeni məsələ deyil və bu barədə Azərbaycan hakimiyyəti yüksək səviyyədə buna öz sərt reaksiyasını göstərib. Ötən ayın əvvəli Azərbaycan XİN-i İran səfirinə müvafiq etiraz notasını vermişdi. XİN sənədinə əsasən, bu görüş zamanı “İranın yeni administrasiyası tərəfindən” məsələnin son qoyulmasına yönələn əməli addımların atılacağı qeyd olunmuşdu. Bu Azərbaycanın atdığı hüquqi addım idi”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

O, bildirib ki, ərazi bütövlüyünə saymazcana yanaşan, ölkənin icazəsi olmadan suveren əraziyə daxil olan, üstəlik qanunsuz yüklər daşıyan İrana qarşı notadan sonra artıq praktiki addımlara keçildi:
“Gorus-Qafan yolunda irəliləyən İran nömrəli avtomobillər saxlanılaraq onlardan gömrük və vergi rüsumları tələb edilib. Güman edirəm ki, hüquqi addımı qulaqardına vuran Tehran praktiki addımdan öz dərsini alıb və ehtimal ki, ikinci görüşdə qanunsuz əməllərin bir daha təkrarlanmayacağını bildirib və avtomobillərin maneəsiz gedişini təmin etmək vədi almağa çalışıb. Bu praktiki addım nəinki İranın qanunsuz səfərlərinin qarşısını almağa, hətta dostu Ermənistanı sülh danışıqlarına səsləməsinə də təkan verə bilər. Çünki, İran anlıyır və anlamalıdır ki, bölgədə sülh və əməkdaşlıq bütün tərəflər üçün avantajlıdır”.
Politoloq qeyd edib ki, İranın bu addımları atması heç də təəccüblü deyil:
“İran Azərbaycanın müstəqilliyi bərpa olunduğu gündən bəri düşmən ölkə ilə birgə təxribatlar törədib, müxtəlif adlar altında “yardım”lar daşıyıb. 44 günlük müharibədən sonra isə rəsmi Tehran yeni geosiyasi reallıqlara qarşı xüsusi mövqe nümayiş etdirir. Müharibənin nəticələrini dəyişməyə gücü yetmədiyi üçün aqressivləşən İslam Respublikası indiki mərhələdə Türkiyənin varlığını həzm edə bilmir. 30 il ərzində Azərbaycanla Naxçıvan və Ankaranın Mərkəzi Asiya arasında dəhliz rolunu oynayıb. İkinci Qarabağ müharibəsindən sonra İranın tranzit baxımından aktuallığı azalıb. Digər səbəb isə İranın 90-cı illərdən bəri azərbaycanlılara qarşı Quzey Azərbaycanın öz torpaqlarını qoruya bilmədiyinə dair yaratdığı imiclə bağlıdır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və getdikcə regional gücə çevrilməsi gələcəkdə tarixi torpaqları haqqında düşünməsinə də yol aça bilər.
Rusiya ilə rəqabət olsa da, Azərbaycanla bağlı gizli maraqlar Moskva ilə Tehranı bir hədəfə vurmağa vadar edir. Həm də, Ermənistandakı 102-ci bazadan bütün imkanlar tükənib. Gürcüstanla hava sərhədləri bağlı olduğu üçün Rusiya məcbur İran ərazisindən istifadə edir. Bu baxımdan Tehranla Moskva arasında bir sövdələşmənin olduğu açıqdır. Lakin Gorus-qafan yolunda baş verənlər də göstərdi ki, Azərbaycan suverenliyini təmin etməkdə iddialıdır və regionun güclü dövləti olan Rusiya ilə belə hesablaşmır, hətta şərtlərini diktə edir. İranla da, digər dövlətlərlə də Azərbaycan hər zaman mehriban qonşuluq münasibətlərinə meyilli olub. Azərbaycanın yaratdığı yeni geosiyasi arxitektura da əhatə etdiyi bütün dövlətlər üçün avantajlat vəd edir. Elə bu reallıqlardan öz maraqları naminə narahatlıq keçirən İran üçün də. Gec ya da tez İran anlayacaq ki, Azərbaycan İran üçün dünyaya açılan pəncərələrdən biridir, şimal-cənub nəqliyyat dəhlizi İran mallarının Avropaya daşınmasına imkan yaradacaq və bütün bunlar Qərbin sanksiyaları ilə üz-üzə olan İran üçün böyük perspektivlər vəd edir”.
//Gülnarə Abasova, Editor.az

