İran səmimi deyil: Yeni “düyünlər” yaranan kimi gerçək simasi yenə ortaya çıxacaqbackend

İran səmimi deyil: Yeni “düyünlər” yaranan kimi gerçək simasi yenə ortaya çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian maraqlı açıqlama verib. O, özünün “Tvitter” hesabında yazıb ki, Bakıya rəsmi səfər zamanı yeni səhifə açmaq barədə razılığa gəldik: “Əlaqələrimizi daha da inkişaf etdirmək üçün yol xəritəsi hazırladıq. Orada yaşayan iranlılarla tanış olmaqdan məmnun oldum. Biz qonşuluğa üstünlük verməyə davam edirik”.

Siyasi şərhçi Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, İran region dövlətləri sırasında Azərbaycanla bağlı ən ziddiyyəti mövqe sərgiləyən tərəfdir:

“Biz rəsmi Tehranın əməli ilə sözünün üst- üstə düşmədiyinin də dəfələrlə şahidi olmuşuq. Cənub qonşumuz Qarabağ ətrafında “suların bulanıq olmasına” uzun müddət maraq göstərib. Çünki Tehran məhz Qarabağ “kartından” yararlanaraq Bakı və İrəvan arasında manevr etmək, geosiyasi və geostrateji maraqlarını həyata keçirmək istəyirdi. Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması barədə razılıq əldə olunmasına dair bəyanatından sonra İran rəsmilərinin məsələyə münasibəti gözlənilirdi. Və əslində Hüseyn Əmir Abdullahianın açıqlaması da təəccüblü deyil. Çünki indi Bakı ilə İrəvanın mövqeyi bəzi məqamlarda uzlaşır. Odur ki, İran boş- boşuna özünü “pis kişi” eləmək istəməz. Həm də İran hər nə qədər münasibətlərin ziddiyətləşməsində maraqlı olsa da, görünür, kommunikasiya xətlərinin açılması müəyyən mənada onun da ürəyindəndir.
İkinci bir tərəfdən, son proseslər regionu 3+3 platformasına doğru aparır. Əlbəttə, İran təcrid olunmaq istəməz. Odur ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmağa çalışır. Bütün bunlara baxmayaraq, İran XİN başçısı səmimi deyil. Əlbəttə, biz qonşuluqda, regional əməkdaşlıqda maraqlıyıq. Amma Tehranın hazırkı mövqeyi situativ xarakter daşıyır. Azərbaycan-Ermənistan münasibətlərində yeni “düyünlər” yaranan kimi İranın gerçək simasi yenə ortaya çıxacaq. Hətta yaxın gələcəkdə Tehranın buna səy göstərəcəyi də istisna deyil”.

//Gülnarə Abasova, Editor.az