“İrana qarşı region dövlətlərinin mənfi münasibəti və rəsmi Tehranın bölgədəki sabitliyi pozan əməlləri cavabsız qalmır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, İsrail tərəfindən İranın hərbi obyektlərinin hücumlara məruz qalması çox geniş formada Tehrana bir mesajdır:
“İran hər zaman mövcud vəziyyətdən yararlanmaq üçün addımlar atır. Yaxın Şərqdə terror qruplaşmalarına çox ciddi siyasi, hərbi, iqtisadi, logistik dəstək göstərilir. Bunun nəticəsində İran onlara güvənərək Yaxın Şərqdə terror qruplarını özünə “qalxan” kimi istifadə edir. Burada Fələstin məsələsinin daha da gücləndirilməsində Ərəb dünyasına etibar edilirdi. İsrail dövləti bu gün həm də Ərəb dünyası ilə yaxınlaşmaq kursunu həyata keçirdir. Bu da böyük miqyasda İranın xarici siyasət ilə bağlı düşüncələrinə də ziddir. İsrailin bu addımları eyni zamanda, Yaxın Şərqdə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”.
Politoloqun sözlərinə görə, İsrailin rəsmi Tehrana daha iri həcmli hücumlar həyata keçirmək ehtimalı da güclüdür:
“Azərbaycanın İranda diplomatik nümayəndəliyin bağlanmasından sonra digər dövlətlər də bu addımı ata bilər. Belə fəaliyyət isə müharibə ilə bağlı ehtimalları gücləndirir. Çünki daxili ictimai-siyasi vəziyyətin də gərginliyi həm də digər dövlətlərin hərbi motivlərlə İrana qarşı təzyiqlərin gücləndirilməsi ilə nəticələndirə bilər. Lakin İran tərəfindən də İsrailə böyük zərbə vuracaq hərbi təxribatlar da gözləniləndir”.
//Safura Bənnayeva, Editor.az