“İran tərəfinin yaratdığı gərginlik sünidir və Azərbaycanla düşmənçilik etməyə heç bir əsası yoxdur”- Millət vəkilindən ŞƏRHbackend

“İran tərəfinin yaratdığı gərginlik sünidir və Azərbaycanla düşmənçilik etməyə heç bir əsası yoxdur”- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər bir gün Azərbaycan Respublikası xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycan Respublikasının yanında olacaq”.  Bunu İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

Əli Əkbər Vilayəti bildirib ki, son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar: “Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır”.

Görünür, İran tərəfinin verdiyi açıqlamalar ilə göstərdiyi mövqe üst- üstə düşmür.

Mövzu ilə Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, İran tərəfinin yaratdığı gərginlik sünidir və Azərbaycanla düşmənçilik etməyə heç bir əsasları yoxdur:

“İran öz səhvini başa düşübsə bu çox yaxşı haldır. Azərbaycan hər zaman bəyan edib ki, qonşu dövlətlərin ərazi bütövlüyünə və dövlət müstəqilliyinə hörmətlə yanaşır. İranın bəzi dairələri isə əksinə “qırmızı xətt”dən danışır və Araz çayı sahilində hərbi təlimlər keçirməklə ermənilərə öz dəstəyini ifadə edirdilər. Amma yəqin ki, Azərbaycanla düşmənçilik ruhunda danışanlar unudublar ki, İranın əhalisinin yarısı azərbaycanlılardır və vəziyyəti daha da gərginləşdirsələr vəziyyət başqa istiqamətdə dəyişilə bilər. Həm də Azərbaycan vəziyyəti gərginləşdirənlərə ən yüksək səviyyədə layiqli cavabını verdi. Bu gün Azərbaycanın kifayət qədər hərbi, iqtisadi və siyasi gücü var. Ona görə də kim Azərbaycanla güc dilində danışmaqa cəhd edirsə, ilk növbədə onun özü böyük fəlakətlə qarşılaşacaq”.

A. Badamov qeyd edib ki,  İranın Azərbaycanla əməkdaşlıqdan alınan mənfəət Ermənistanla müqayisə oluna bilməz:

“Azərbaycan regionun ən böyük iqtisadiyyatına malik ölkəsidir və ölkəmizin təqdim etdiyi beynəlxalq tranzit nəqliyyat dəhlizləri İran üçün də çox vacibdir. O cümlədən, Zəngəzur dəhlizinin açılışı da sanksiyalar altında olan İran üçün su və hava qədər əhəmiyyətlidir. Ona görə də hesab edirəm ki, Azərbaycanın yürütdüyü siyasət regionun bütün ölkələri üçün məqbuldur və səhv düşünənlər də vaxtında nəticə çıxardıraraq düz yola qayıdırlarsa, bu ümumi regionun xeyrinədir”.

//Gülnarə Abasova, Editor.az