“İran molla rejiminin Azərbaycana qarşı həyata keçirdiyi siyasət islam dəyərlərinə ziddir. Onlar Azərbaycanın güclənməsini, regionda söz sahibi olmasını sinirə bilmirlər”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Onun sözlərinə görə, bu səbəbdən rəsmi Tehran Şimali Azərbaycanda müxtəlif təxribatlar törətməyə cəhd edir:
“Silahlı qüvvələrimiz tərəfindən bu kimi halların qarşısı məharətlə alınır. Baş vermiş terror hadisələrindən sonra saxlanılan şəxslər dindirildikdə belə qənaətə gəlmək olur ki, həqiqətən İran neçə ildir ki, bu gün üçün hazırlaşıb. Onlar Azərbaycan vətəndaşları vasitəsilə öz çirkin əməllərini reallaşdırmaq istəyirlər”.
Deputat qeyd edir ki, bu dini radikal qruplaşmalar Azərbaycan vətəndaşlarına müxtəlif vasitələrlə təsir və təzyiq göstərirlər:
“İdeoloji, psixoloji, dini faktorlar əsas götürülərək onlara cənnət vəd edilir, yaxud da vəzifə, maddi vəsait təklif edilir. Biz ilk növbədə ideoloji və siyasi təbliğatımızı gücləndirməliyik ki, insanlarımız müasir, dini, elmi əsaslar olan istiqamətə yönəlsinlər. Vətəndaşlarımız ayıq-sayıq olmalı, din pərdəsi adı altında xurafat ritualları yerinə yetirməməlidir. İlk növbədə, Azərbaycana və məfkurəmizə sədaqət nümayiş olunmalıdır. Digər tərəfdən biz xüsusilə də regionlarda iş yerlərinin artırılmasına çalışmalı, insanları daha yaxşı işlərdə çalışmasını təmin etməliyik ki, onlar müxtəlif şirnikdirici təkliflər qarşılığında bu cür addımlar atmasınlar”.
Millət vəkili aidiyyatı dövlət qurumlarının sözügedən son hadisələrdən çox düzgün nəticələr çıxardacaqlarına ümid edir:
“Məscidlərdə belə radikal dini qrupların, şəxslərin təbliğatlarının aparılması dayandırılacaq. Milli şüura dayanan, islam dəyərlərinə hörmət edən, azərbaycançılığı əsas tutan din xadimlərinin sayı artacaq. Zamanla bu problemlər öz həllini tapacaq. Vaxt gələcək İran xalqı fars-molla rejiminin cavabını verəcək, Tehranda ədalət bərpa olunacaq”.
//Safura Bənnayeva, Editor.az

