“İran üzərindən Naxçıvanla quru yolun tikilməsi milli maraqlarımıza uyğundur. Araz çayı üzərində körpünün tikintisi ilə bağlı Ölkə başçısı İlham Əliyev sərəncam imzalayaraq 14 milyon pul da ayırıb. Demək olar ki, yol tikintisi işləri aktiv fazaya keçmişdir. Bu da yaxın zamanlarda Araz çayının sol sahilinin Naxçıvanla birləşməsini reallaşdıracaq”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, Ermənistan Zəngəzur dəhlizin açılması ilə bağlı götürdüyü öhdəliyə sadiq qalmadığından regional layihələrdən kənarda qalmaqda davam edəcək:
” Təbii ki, torpaqlarımızı 30 il işğal altında saxlanıldığına görə, Ermənistan regional layihələrdən kənarda saxlanılıb və dünyaya qapıları bağlanmışdır. Bu gün də öz çirkin niyyətlərindən əl çəkmək istəmədiyinə görə kənarda qalmaqda davam edəcək. Azərbaycanın İrandan yol çəkməyi Ermənistanı narahat etməyə başlamışdır. Ona görə də bu yolda təhlükəsizliyi təmin edəcək xüsusi bir qurumun yaradılacağını da bildirib. Amma Qərbi Zəngəzura Fransanın hərbi kontingentinin yerləşdirəcəyi ilə bağlı açıqlamalarından sonra Ermənistana təhlükəsizliyi etibar etmək mümkün deyil. Ermənistan bir tərəfdən kommunikasiyaların açılmasından danışır, digər tərəfdən Qərbin silahlarının Qərbi Zəngəzurda mövcudluğunu reallaşdırmağa çalışır. Bu, Paşinyanın dedikləri ilə hərəkətləri uyğun gəlmədiyini bir daha sübut edir. Ona görə də Azərbaycan üçün Naxçıvanla əlaqənin yaradılmasının ən münasib variantı İran üzərindən yolun çəkilməsidir”.
//Gülnarə Abasova, Editor.az

