İran və Fransada baş verən dəyişikliklər: “Ermənistan haqlı olaraq narahatdır, çünki…”backend

İran və Fransada baş verən dəyişikliklər: “Ermənistan haqlı olaraq narahatdır, çünki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranda baş verən prezident dəyişikliyinin bu dövlətin xarici və regional siyasətinə necə təsir edəcəyini hələ ki, müəyyən etmək mümkün deyil. Çünki İran dövləti prezident deyil, dini rəhbər və onun siyasi sistemi tərəfindən idarə olunur. Prezident isə dini rəhbərin siyasi sistemində sadəcə icraçı funksiyaları yerinə yetirir. Şübhə yoxdur ki, yeni prezidentin İranın xarici siyasətinə elə də ciddi təsiri olmayacaq. O cümlədən də İranın regional siyasətində də öz prioritetlərini dəyişəcəyi inandırıcı görünmür. Böyük ehtimalla İranın Ermənistan siyasəti böyük ölçüdə öz keyfiyyətini qoruyub saxlayacaq, ancaq çox cüzi dəyişikliklər ola bilər. Bunları isə yeni prezident Məsud Pezeşkianın fəaliyyətə başlamasından sonra müşahidə etmək olacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli İran və Fransada baş verən dəyişikliklərin onların Cənubi Qafqaz siyasətinə necə təsir edəcəyi ilə bağlı suallarımızı cavablandırarkən deyib.

Politoloqun sözlərinə görə, Fransada vəziyyət olduqca qəlizdir, çünki o, dünyada gedən proseslərdə avanqard rolunu oynamağa iddialı bir dövlətdir:

“Ancaq Makron hakimiyyətinin çöküşü Fransanın dünya siyasətinə təsirini ciddi şəkildə zəiflətməyə başlayır. Sonuncu parlament seçkiləri və ondan əvvəl də Avropa Parlamenti seçkilərində məğlubiyyət Makron hakimiyyətinin funksionallığını zəiflədib. Ən əsası isə parlament seçkilərinin nəticələri onu göstərir ki, Fransa faktiki olaraq heç kəs tərəfindən idarə olunacaq vəziyyətdə deyil və xaosa doğru irəliləyir. Çünki 3 partiya təxminən bərabər səs toplaya bilib. Belə vəziyyətdə mütləq hakimiyyət sistemindən danışmaq yersizdir. Yəqin ki, Prezident Emmanuel Makron bundan sonrakı hakimiyyəti dövründə “topal ördək” rolunu oynamağa başlayacaq. Çünki parlamentə təsiri əldən verdiyinə görə, Makron özünün vacib hesab etdiyi bir çox qanun və qərarları qəbul etdirməkdə çətinlik çəkəcək. Bu baxımdan Ermənistanın narahat olmaq üçün əsasları var. Çünki ölkədaxili xaosa düçar olmaqda olan Fransanın Cənubi Qafqazda çevik manevrlər etmək imkanları getdikcə daha da məhdudlaşacaq. Halbuki bundan əvvəl də Azərbaycanın sərt müqaviməti və bloklama manevrləri Fransanı Cənubi Qafqazda oyundankənar vəziyyətə salmışdı. Rəsmi Paris yalnız İrəvan üzərindən müəyyən addımlar atmağa çalışsa da elə anlaşılır ki, əgər Fransada daxili ziddiyyətlər dərinləşərsə, ölkə xaosa doğru irəliləyərsə, hakimiyyət boşluğu yaranacaq. Belə halda Makronun Cənubi Qafqaz siyasəti də iflasa uğraya bilər”.

E. Xalidbəyli bildirib ki, Fransanın Ermənistana dəstəyi tədricən öz əhəmiyyətini itirməyə başlayacaq:

“Buna görə də belə ehtimal etmək olar ki, ermənilər haqlı olaraq narahatdırlar. Çünki onların dünyadakı əsas himayədarı olan Fransa hazırda çöküş dövrünü yaşayır. Bu çöküş dövrü isə bir sonrakı mərhələdə Ermənistanın təklənərək daha çıxılmaz vəziyyətə düşməsinə səbəb ola bilər”.

//Gülnarə Abasova, Editor.az