“İranın Rusiyaya qarşı demarşının səbəbləri rəsmi Moskva və Körfəz Əməkdaşlıq Şurasıyla imzalanmış bəyannamə ilə bağlıdır”.
Bu fikirləri Editor.az-a politoloq Elçin Mirzəbəyli İranın XİN başçısı Hüseyn Əmir Abdullahianın açıqlamasında “İran bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmət edir və müharibənin danışıqlar yolu ilə başa çatmasını vacib sayır”- kimi fikirlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, həmin bəyannamədə qeyd olunur ki, tərəflər o cümlədən də Rusiya, Birləşmiş Ərəb Əmirliyinin Böyük Tunb , Kiçik Tunb və Əbu Musa adalarında İranla yaranmış ziddiyyətin tez bir zamanda aradan qaldırılması istiqamətində göstərdiyi səylər, məsələnin beynəlxalq ədalət məhkəməsində həlli ilə bağlı atdığı addımları müdafiə edirlər: “Tehranı qəzəbləndirən də bu faktordur. İran bu əraziləri mübahisəli ərazi hesab etmir. Əslində bu yanaşma bir daha sübut edir ki, rəsmi Tehranın atdığı addımlar yalnız öz maraqlarına uyğun gələndə ortaya çıxır. Çünki daha əvvəl Ukraynanın ərazi bütövlüyünü şübhə altına almış, Rusiyanın müdaxiləsini faktiki olaraq Qərb dövlətləri ilə əlaqələndirmişdi. Bu ikiüzlü və riyakar yanaşmadan başqa birşey deyil. Baxmayaraq ki, prinsip etibari ilə Rusiyanın da beynəlxalq hüquqa münasibəti İrandan fərqlənmir”.
Politoloq mübahisənin çox da ciddi xarakter alacağını, İranın Rusiyaya qarşı qəzəbli gedişlərinin uzunmüddətli olacağını düşünmür: ” Çünki Rusiyanın İrana təsir imkankanları çoxdur. Bəzi ekspertlər İranın Rusiyaya PUA satması fonunda Tehranın bu yanaşmasının Moskva üçün problemlərin yaranacağını bildirirlər. Amma bu yanlış yanaşmadır. PUA-ları müxtəlif yerlərdən də əldə etmək mümkündür. Amma hər tərəfdən sanksiyalara məruz qalan İranın üz tuta biləcəyi yeganə ölkə Rusiyadır. Burada söhbət təbii sərvətlər və xammaldan gedir. Hansı ki, bu xammallar İranın bütün sənayesi üçün həyati əhəmiyyət kəsb edir”.
//Safura Bənnayeva, Editor.az

