İran Rusiya ilə hərbi əməkdaşlığı genişləndirir. Bununla yanaşı, dekabrın 14-də Ukraynanın paytaxtı Kiyevdə baş verən partlayışların Rusiya tərəfindən İran istehsalı olan PUA-larla reallaşdığı bildirilir.
Maraqlıdır ki, bu amil Rusiya-Ukrayna müharibəsinin gedişinə necə təsir edəcək?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Turab Rzayev qeyd edir ki, İranın proseslərə müdaxiləsi və texnikalarının istifadəsinin xüsusi əhəmiyyəti olmayacaq:

“ Çünki İran silahlarının əksəriyyəti Şimali Koreya texnika nümunəsindən istifadə edilərək hazırlanıb. Şimali Koreya texnologiyası Rusiya texnologiyasından bərbad vəziyyətdədir. İran silahları, raketləri və dronları Rusiya-Ukrayna müharibəsində vəziyyəti dəyişəcəyini düşünmürəm. İran dronları kiçik partlayıcı maddələr daşıyan, bəzi mülki obyektlərə hücum effekti olan qurğulardır. Bu dronların böyük terror yaratmaqdan başqa xüsusiyyəti yoxdur. Rusiya ilə İranın hərbi əməkdaşlığını gücləndirməsinin əsas məqsədi özünün regionda tək olmadığını göstərməkdir. Bunlara baxmayaraq istədiklərinə nail ola bilməyib. Heç Belarus prezidenti Aleksandır Lukaşenko da bunda iştirak etmədi. Halbuki Rusiya ilə Belarus ittifaq ölkələrdir. Lukaşenko belə Putinin təzyiqlərinə baxmayaraq Qərblə birbaşa müharibəyə girmək istəmir. Putin Belarusun və KTMT-nin, İranın müharibəyə daxil olmasını istəyir. Ukraynanın arxasında olan Qərb blokuna qarşı Şərq bloku formalaşdırmağa çalışır. Burada strateji məqsəd budur”.
//Safura Bənnayeva, Editor.az

