İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreş qarşısında çıxışında Tehranın yeni nüvə sazişini imzalamağa hazır olduğunu bildirib.
Editor.az xəbər verir ki, bu barədə o teleqram kanalında vurğulayıb. O bildirib ki, gələcək müqavilələrdə İran xalqının hüquq və mənafeləri nəzərə alınmalıdır.
Əraqçi İranın nüvə proqramı üzrə yeni sazişin hazırlanmasına yönəlmiş konstruktiv dialoqa sarsılmaz sadiqliyini ifadə edib.
“Razılaşma təkcə NPT (Nüvə Silahının Yayılmaması Müqaviləsi) üzrə Tehranın hüquq və maraqlarını deyil, həm də bütün qarşılıqlı narahatlıqları, o cümlədən İran xalqının həyatına və rifahına təsir edən sanksiyaları nəzərə almalıdır”, – diplomat yazıb.
Qeyd edək ki, Avropa liderləri avqustun 28-də İrana qarşı sanksiyaların bərpası ilə bağlı razılığa gəliblər. Qərar məhdudiyyətləri avtomatik bərpa edəcək “snapback” mexanizminin işə salınmasını nəzərdə tutur.
//Gülnarə Abasova, Editor.az

