“İranın son vaxtlar əsasən də 44 günlük Vətən müharibəsindən sonrakı müddətdə ölkəmizə olan münasibəti ciddi təəssüf doğurur. Tehran hakimiyyətinin müharibə dövründə də bir sıra düşmən hərəkətlərinin şahidi olduq”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov “Fəttah” adlı yeni raketin paytaxt Tehranda prezident İbrahim Rəisi və İnqilab Keşikçiləri Korpusunun komandirlərinin qatıldığı rəsmi mərasimdə təqdim edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, postmüharibə dövründə Azərbaycan yeni siyasi konfiqurasiya formalaşdırıb:
“Bununla da bölgədə diktə edən ölkəyə çevrildi. Həmin kontekstdən baxdıqda rəsmi Tehran da ölkəmizə olan qərəzini açıq-aşkar göstərməyə başladı. Azərbaycanın tələb etdiyi Zəngəzur dəhlizinin açılmasına maneə yaratmaq üçün bütün cəhdləri etdi. Bu qərəzin içərisində hədə-qorxular, sərhədimizdə hərbi təlimlər, ölkə rəsmilərinin ölkəmizlə bağlı bəyanatları, şantajlarına ölkəmiz tərəfindən ilk zamanlarda səbrlə yanaşılsa da sonradan İranın bu hərəkətlərinə adekvat cavab verməyə başlanıldi. Biz həmin ərazilərdə hərbi təlimlər keçirdik. Bir sözlə artıq rəsmi Tehran anladı ki, 90-cı illərin Azərbaycanı ilə danışmır. Rəsmi Bakı hər manada artıq güclü dövlətdir”.
Deputatın fikrincə, yeni silahların Tehranda nümayiş etdirilməsi bu gün ölkəmizi qətiyyən qorxutmur:
“Bu, hər hansı ölkəyə müharibə elan etmək demək deyil. Digər tərəfdən geosiyasi vəziyyət elə bir həddədir ki, müharibə heç bir tərəfə lazım deyil. İranın öz daxili problemləri də kifayət qədərdir. Azərbaycanın regionun lideri olması, güclü orduya malikliyi, Ali baş komandanın qətiyyəti, xalqın birliyi bizi daha da güclü edir. Heç kimdən çəkinmədiyimizi açıq-aydın ortaya qoyur. Biz bütün qonşularla normal münasibətin tərəfdarıyıq. Bu günə qədər qonşuluq siyasətinə, xoş münasibətlərə sadiqlik nümayiş etdirmişik. İranın bu gün tutduğu qərəzli mövqe, ərazilərimizdə casus şəbəkəsini formalaşdırması, səfirliyimizə qarşı 27 sentyabrda həyata keçirilən terror aktının cavabsız qalması arzuolunan hal deyil. Bu nə Tehrana, nə də digər ölkələrə uğur gətirəcək. Azərbaycanın yolu açıq, aydın, konkretdir. Mövqeyimiz isə bəllidir. Dövlət və milli maraqlarımız önəmlidir. Bu siyasətlə də ölkəmiz irəliyə doğru addımlar atır. Yaxşı olardı ki, İran da rəsmi Bakı ilə olan münasibətlərinə yenidən nəzərdən keçirtsin”.
//Safura Bənnayeva, Editor.az

