ABŞ müharibəni tez bitirmək istəyir. Sürətli hücumlar edib, məsələni yekunlaşdırmağı qarşısına məqsəd qoyub. Hərbi əməliyyatlar uzansa, Rusiyanın Ukraynada üzləşdiyi vəziyyətə düşə bilər. Yaxud, Əfqanıstan fəlakəti təkrarlanar. İranın cavab zərbələri də müharibənin ömrünü uzadar. O üzdən tam səfərbər olunub.
Vaşinqtonun əsas hədəfi budur ki, hazırkı İran rejimini devirib, özünün idarə edə biləcəyi rejim yaratsın. Görünür, bunun müharibəsiz olmayacağını başa düşüb. İranda Pəhləvilərin iqtidara gətirilməsi planı çoxdan işə düşüb. İrandakı etnik qruplar, xüsusilə də orda çoxluq təşkil edən Azərbaycan türkləri, eləcə də kürdlər, ərəblər bu varianta qəti şəkildə etiraz edirlər. Çünki Pəhləvilərin İrandakı əksər etnik qruplara neqativ münasibəti, onlara qarşı törətdiyi vəhşilik yaddan çıxmayıb.
Rza Pəhləvi İranda son etirazlar fonunda ciddi şəkildə fəallaşıb. O, Qərbdə keçirilən bir neçə beynəlxalq tədbirlərdə də iştirak edib. R.Pəhləvi İrandakı digər azlıqların nümayəndələrini toplayıb müraciət etmişdi bir-iki gün əvvəl.
İran bu ağır vəziyyətdən qurtula biləcəkmi? Ağrılı və aktual sualdır. Müharibə uzanarsa, çox pis nəticələr doğuracaq – buna şübhə yoxdur. Region ölkələrinin təhlükəsizliyi və başqa maraqları baxımdan da vəziyyət kritik dəyərləndirilməlidir.
ABŞ dərin dövləti bu tərəfdən tarixi İpək yolunu nəzarətə götürür, üstəlik İranın cənubundakı kritik dəhlizləri, boğazları ələ keçirməyə çalışır. Bununla da Yaxın Şərqin şəriksiz sahibinə çevrilməyi planlaşdırır. Ən ciddi rəqiblərini – Çini və Rusiyanı bu mərhələdə məğlub etməyi düşünür. Lakin əsl müharibə İran məğlub edildikdən sonra başlaya bilər… Çin Yaxın Şərqin ABŞ-ın əlinə keçməsini, bu coğrafiyaya şəriksiz sahiblənməsini rahatlıqla qəbul etməyəcək. Rəsmi Pekin bunun ona necə baha başa gələcəyini yaxşı anlayır. Dünyanın ticarət arteriyası bu bölgədən keçir. İranın taleyi və ordakı müharibənin necə yekunlaşması Yaxın Şərqin, Güney Qafqazın, Mərkəzi Asiyanın gələcəyini, əsl sahiblərini müəyyən edəcək.
Azərbaycanın İsrail-İran gərginliyində, ABŞ-İran qarşıdurmasında sülh missiyası gözardı edilə bilməz. Rəsmi Bakı həm İrana qarşı hücumlarda öz ərazisindən istifadə üçün heç bir ölkəyə imkan verməyəcəyini dəfələrlə bildirib, həm də bu qarşıdurmada sülh təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev İranla qonşuluq münasibətlərini, ABŞ və İsraillə ikitərəfli müttəfiqlik əlaqələrini pozmadan balanslı siyasət yürüdür. Hətta proqnozlara görə nə vaxtsa sülh danışıqları üçün Azərbaycan ən neytral ölkə seçilə bilər.
Əslində Azərbaycanın Ermənistanla müharibəni yekunlaşdırması, işğala və separatizmə son qoyması, sülh danışıqlarını uğurla aparması dünya üçün, müharibə aparan tərəflər üçün nümunədir. İlham Əliyev Xocalıda dediyi kimi, son 80 ildə Azərbaycan kimi heç bir ölkə birmənalı qələbə qazanmayıb. Bu qələbə Güney Qafqazda sülhün, əmin-amanlığın və əməkdaşlığın qarantiyasına çevrilib.
Bütün müharibələrdə ən böyük dəhşəti, zərəri isə sadə insanlar, xalqlar yaşayır. İran xalqına, orda yaşayan soydaşlarımıza, dindaşlarımıza Allah kömək olsun.
Azər Ayxan
Globalinfo.az

