“ABŞ-la İran arasında genişmiqyaslı olmasa da, lokal müharibə gedir. Bu müharibə üçüncü dövlətlərin ərazilərində, proksi qüvvələr vasitəsilə aparılır. Məsələn, Suriyanın, İraqın ərazisində, son zamanlar Qırmızı dənizdə… Bu baxımdan, düşünürəm ki, hələ ki üzbəüz hücum üçün zaman yetişməyib”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Onun sözlərinə görə, ABŞ və yaxud İsrail İraqda, Suriyada, Livanda, Yəməndə yerləşən İranyönlü qüvvələri vura bilərlər:
“İranın ərazisində nüvə obyektlərini raket atəşinə tuta bilərlər. Hər şey göründüyü kimi deyil. Yaxın Şərq ölkələrində, İslam dünyasında baş verən prosesləri təhlil etdikdə görürük ki, İran, tarixən dərin dövlət səviyyəsində, hər zaman Qərb dairələri ilə əməkdaşlıq etmişdir. İranın apardığı siyasət, İslam dünyasını, xüsusilə ərəb ölkələrini, onların maliyyə-iqtisadi imkanlarının nəzarətdə saxlanmasını şərtləndirir. ABŞ, ümumiyyətlə kollektiv Qərb İranın parçalanmasına heç zaman imkan verməzlər. Bir daha qeyd edirəm; İranın parçalanması, islam dünyası üzərində təsir imkanlarından məhrum olmaq deməkdir. İsrailə gəldikdə isə, bu ölkə İranın nüvə proqramını öz təhlükəsizliyinə əsas təhdid, molla rejimini ən qatı düşmən olaraq görür. Mümkün qədər çalışır ki, ABŞ-ı İrana qarşı müharibəyə cəlb etsin. İran doğrudan da təhlükəli dövlətdir. Biz bunu tarixən hiss etmişik. Ələlxüsus, 30 illik işğal dövründə və ondan sonrakı fəaliyyət göstərdi ki, ölkəmizə əsas təhdidlərdən biri cənubdan gəlir. Əgər İrana hücum olarsa, ən çox əziyyət çəkən ölkələr arasında biz birinci ola bilərik”.
Millət vəkilinin sözlərinə görə, istənilən halda Azərbaycan bütün mümkün variantlara hazır olmalıdır:
“Sərhədlərin toxunulmazlığından tutmuş, mülki əhalinin təhlükəsizliyinə qədər geniş tədbirlər planı hazırlanmalı, təsdiq olunmalıdır. Sığınacaqlar hazır vəziyyətə gətirilməlidir. Ölkədə fövqəladə vəziyyət elan olunmalı, bütün siyasi partiyaların, ictimai təşkilatların fəaliyyəti dondurulmalıdır. Yaxşı olardı ki, cənublu soydaşlarımız ehtimal olunan proseslərdən özlərini sığortalamağı bacarsınlar. Milli şüura söykənən təşkilatlanma işlərinə başlasınlar. Müşahidələr göstərir ki, hətta xarici hücumlar olmasa belə yaxın zamanlarda İranın daxilində ictimai-siyasi sabitlik pozula, ciddi qarşıdurmalar ola bilər. 20-ci əsrdə bu ölkədə baş verən hadisələrdən ən çox əziyyət çəkən toplum məhz güneyli türklərdir. Tarixdən düzgün nəticə çıxarılmazsa, yeni fəlakətlər qaçılmazdır”.
//Gülnarə Abasova, Editor.az