Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda ABŞ–İran münasibətlərinin mümkün eskalasiya mərhələsinə keçə biləcəyi ilə bağlı müzakirələr intensivləşib. 2003-cü ildə İraqa qarşı həyata keçirilmiş hərbi əməliyyatın presedent kimi yenidən gündəmə gətirilməsi isə regionun geosiyasi arxitekturasında mümkün dəyişikliklərin miqyasını və nəticələrini daha dərindən təhlil etməyi zəruri edir. Mövcud reallıqlar göstərir ki, İran məsələsi təkcə Vaşinqton–Tehran qarşıdurması deyil, həm də böyük güclərin maraqlarının toqquşduğu mürəkkəb beynəlxalq konfiqurasiyanın tərkib hissəsidir. Bu baxımdan, hadisələrə 2003-cü ilin şablonu ilə yanaşmaq doğru analitik nəticələr verməyə bilər.
Politoloq Sədrəddin Soltanlı Editor.az-a açıqlamasında bildirib ki, İranı 2003-cü il İraq ssenarisi ilə müqayisə etmək metodoloji baxımdan düzgün deyil və eyni modelin fərqli ölkələrə tətbiqi real nəticə vəd etmir:

“İranı İraq və ya Suriya ilə eyniləşdirmək doğru yanaşma deyil. İran yüzillik dövlətçilik ənənəsinə malik, daha institusionallaşmış və mərkəzləşmiş idarəetmə sistemi olan dövlətdir. İraq və Suriya isə tarixən fərqli siyasi proseslər nəticəsində, xarici təsirlərin də iştirakı ilə formalaşmış dövlətlərdir və sonrakı hadisələr də onların daxili zəifliklərini üzə çıxardı.
2003-cü il ərəfəsində İraqda mərkəzi hakimiyyət ölkə ərazisinə tam nəzarət etmirdi. Müxtəlif bölgələr fərqli silahlı və siyasi qüvvələrin təsiri altında idi. Bundan əlavə, Səddam Hüseyn rejiminin həm hərbi potensialı, həm də beynəlxalq dayaqları məhdud idi. O dövrdə Bağdad hakimiyyəti aparıcı güclər – Rusiya, Çin və Fransa tərəfindən açıq şəkildə müdafiə olunmurdu.
İran isə fərqli geosiyasi mövqedədir. Rusiya və Çin Tehranla həm diplomatik, həm də hərbi-texniki əməkdaşlıq çərçivəsində münasibətlərini davam etdirir. Böyük Britaniyanın da öz ərazisinin və ya infrastrukturunun İrana qarşı mümkün hücum üçün istifadəsinə dair ehtiyatlı mövqe sərgilədiyi barədə məlumatlar var. Bu amillər İranın beynəlxalq manevr imkanlarını artırır”.
Ekspert vurğulayıb ki, İran hakimiyyəti ölkə daxilində inzibati və təhlükəsizlik baxımından tam nəzarəti qoruyur:
“Dövlət strukturları, xüsusilə İnqilab Keşikçiləri Korpusu (Sepah), hələlik zəiflədilmiş vəziyyətdə deyil və sistem daxilində ciddi parçalanma müşahidə olunmur. Xaricdə fəaliyyət göstərən diplomatik və siyasi nümayəndəliklərdə də kütləvi istefalar və ya açıq qopmalar qeydə alınmayıb ki, bu da hakimiyyətin institusional dayanıqlığını göstərir.
Səddam Hüseyn dönəmində isə həm ordu daxilində problemlər, həm də siyasi elita səviyyəsində parçalanmalar mövcud idi. Bu fərqlər ABŞ-ın İraq modelini eyni şəkildə İrana tətbiq etməsinin effektivliyini şübhə altına alır. ABŞ tərəfindən birbaşa hərbi müdaxilə ehtimalı tam istisna olunmasa da, belə bir addımın 2003-cü il ssenarisi üzrə asan və qısa müddətli nəticə verəcəyi real görünmür. Əgər hərbi əməliyyat baş verərsə, Vaşinqton bu qərarı müttəfiqləri ilə, xüsusilə Böyük Britaniya ilə koordinasiya edəcək və İsrailin də bu prosesdə müxtəlif formatlarda dəstək verməsi mümkündür.
BMT Təhlükəsizlik Şurasının hüquqi baxımdan müdaxilə və müharibənin qarşısını almaq imkanları olsa da, əvvəlki təcrübə göstərir ki, ABŞ bəzən xəbərdarlıq mərhələsindən sonra beynəlxalq konsensus formalaşmadan da qərar qəbul edə bilir. Buna baxmayaraq, mövcud geosiyasi balans İran məsələsində daha mürəkkəb və çoxqütblü mənzərə yaradır”.
//Gülnarə Abasova, Editor.az

