İranda 44 ildən sonra bir İLK: hər şey yanvarın 1-də başladı – SİRLƏR üzə çıxdıbackend

İranda 44 ildən sonra bir İLK: hər şey yanvarın 1-də başladı – SİRLƏR üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbin İran müxalifətinə dəyər verdiyini müşahidə edirik. Belə ki, İran hökuməti təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq konfranslara dəvət almır, bunun əvəzində müxalifət müzakirələrə dəvət olunur. Xaricdəki müxalifətin əsas lideri kimi sonuncu şahın oğlu Rza Pəhləvi önə çıxır.

Qərb İranda yeni bir hakimiyyətin qurulmasında nə dərəcədə maraqlıdır?

Etirazlar səngisə də, aksiyaların yenidən başlaya biləcəyi istisna edilmir.

Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk Musavat.com-a bildirib ki, İran müharibədə Rusiyaya silah yardımları və son 6 ayda ölkə daxilində öz əhalisinə qarşı sərgilədiyi amansız davranışlar ucbatından dünya siyasi səhnəsindən təcrid olunub:

“Bu, özünü SEPAH-ın terror təşkilatları siyahısına salınması çağırışı, İranın BMT-nin qadın hüquqları komitəsindən çıxarılması, bir çox insan haqları təşkilatının sərt bəyanatları formasında göstərir. Münxen Təhlükəsizlik Konfransına hakimiyyətdən deyil, müxalifətdən nümayəndə dəvət olunması açıq şəkildə göstərir ki, artıq İranda rejim dəyişikliyi zərurəti hər kəs tərəfindən qəbul edilib. Lakin İran müxalifətinin lideri kimi keçmiş şahın oğlu Rza Pəhləvinin həmin konfransa dəvət edilməsi son dərəcə düşündürücü və diksindiricidir, İranda yaşayan millətlərin iradəsinə qarşı mənfur planların da işə salındığının xəbərçisidir. Ötən ilin sentyabrında başlayan və bu günə qədər davam edən etiraz aksiyalarının inqilabi mahiyyətinə, səslənən şüarlar və tələblərin məzmununa baxdığımız zaman Rza Pəhləvi kimi bir şəxsin bu hərəkatı təmsil etməsinin mümkün olmadığını görə bilərik. Bu proseslərdə 1979-cu il İslam inqilabından bəri ilk dəfə olaraq çox müxtəlif milli, siyasi maraq çevrələrinin bir araya gəlib bu coğrafiyada inqilabi bir dəyişikliyi gerçəkləşdirmək niyyətində olduqlarını gördük. İnqilabi dəyişikliyin ana xətləri bunlardır – 1) despot, teokratik İslam rejiminin ortadan qaldırılması 2) demokratik, sekulyar bir mühitin formalaşdırılması 3) insan haqları, o cümlədən qadın haqq və azadlıqlarının təmin edilməsi 4) fars mərkəzçiliyinə son qoyulması, millətlərin milli tələb, istək, iradə və haqlarına sayğı ilə yanaşılması”.

Çingiz Göytürkün sözlərinə görə, Rza Pəhləvi son 100 ildə qeyri-fars millətlərin başına gələn bütün faciələrin səbəbkarı olan fars irqçiliyini dövlət siyasətinə çevirən bir ailənin son nümayəndəsi və burjuaziya ideologiyasını mənimsəyən bir çevrənin təmsilçisidir:

“Bu çevrənin yeganə hədəfi 1979-cu ildə xalqların inqilabı nəticəsində devrilən səltənətin geri qaytarılmasından başqa bir şey deyil. Yəni Rza Pəhləvi fars irticasının bir başqa təzahürüdür və İran xalqlarının inqilabi dəyişim iradəsini təmsil edə bilməz. Mən birmənalı olaraq Qərbin Rza Pəhləvi üzərində israr etdiyini düşünmürəm.

Çünki bölgədə qalıcı sülh və sabitliyin bərqərar olmasını istəyən bir çox şəxs qeyri-fars millətlərin iradəsini nəzərə almayan hər hansı bir alternativin real olmayacağını yaxşı bilir və bunu müxtəlif platformalarda müxtəlif səlahiyyətli şəxslər bizə açıq şəkildə etiraf ediblər. Onlar bildiriblər ki, İranda qeyri-fars millətlərin və onların hərəkatlarının varlığından yetərincə məlumatları olmadığına görə bu günə qədər apardıqları siyasətdə əskikliklər və nöqsanlar mövcud olub. Bəyan ediblər ki, bundan sonrakı mərhələlərdə həmin nöqsanları ortadan qaldırmaq üçün milli hərəkatları tanımağa və siyasətlərini bu milli hərəkatların istək və iradələrini də nəzərə alaraq formalaşdırmağa cəhd edəcəklər. Bu baxımdan hesab edirəm ki, birmənalı olaraq Rza Pəhləvinin yeganə alternativ kimi Qərb tərəfindən dəstəkləndiyini iddia etmək reallıqdan uzaqdır. Ancaq etiraf etməliyik ki, bölgədə qalıcı stabillikdənsə status-kvonun qorunmasında maraqlı olan dövlətlər və çevrələr də var”.

Siyasi şərhçi vurğulayıb ki, Fransa prezidenti Emmanuel Makronun İran siyasi mühitində ciddi bir gücə sahib olmayan səltənət çevrələri və Rza Pəhləvinin şişirdilməsində ciddi canfəşanlığını son zamanlar gördük:

“Başda Fransa olmaqla bir sıra Avropa ölkələrinin Pəhləvini şişirtməkdə əsas hədəfi son proseslərdə fəal iştirak edən qeyri-fars millətləri, eləcə də farsların əksəriyyətini diksindirib geri oturtmaq və bununla da İranda mövcud vəziyyəti qoruyub saxlaya bilməkdir. Bu, mümkün olmadığı halda isə ipin ucunu tamamilə əllərindən qaçırmasınlar və Rza Pəhləvini status-kvonu qoruyub saxlaya biləcək alternativ kimi irəli sürüb İran bütünlüyünü qoruya bilsinlər”.

Çingiz Göytürk bildirib ki, bu ilin əvvəllərindən başlayaraq aksiyalardakı səngiməni bir çoxları rejimin qəddarlığı və edam cəzalarına bağlasa da, bu, həqiqəti tam olaraq əks etdirmir:

“Edamlar zamanı Rza Pəhləvinin bir neçə incəsənət xadimi və futbolçuyla birlikdə ittifaq yaradıb bu görüntünü sürətlə şişirtməsi səngimənin əsas səbəblərindən biri olub. Pəhləvinin bir neçə incəsənət xadimi və futbolçuyla bu işə başlamasının əsas səbəbi odur ki, İranda ciddi siyasi çevrələr onu ciddi fiqur kimi qəbul etmirlər və səltənətin davam etməsində maraqlı deyillər. Rza Pəhləvi bir neçə incəsənət xadimi və futbolçuyla birlikdə yanvarın 1-də bir tvit atdı. Bununla da bir ittifaqın gerçəkləşdiyini bəyan etdilər. Xüsusilə İran müxalifətinə mənsub televiziya kanallarında bunu şişirtməyə başladılar. Dolayısı ilə vəkalət yığmağa başladılar. Bu isə cəmiyyət tərəfindən ciddi qəbul olunmadı. Amma bir sıra xarici qüvvələrin israrla bu məsələnin üzərində dayanması başda Azərbaycan türkləri olmaqla bir çoxlarını diksindirə bildi. Əslində bu, ilk dəfə deyildi. Dolayısı ilə biz hərəkatda çox ciddi bir səngimənin şahidi olduq”.

Siyasi şərhçi qeyd edib ki, proseslərin nə zaman yenidən başlayacağı ilə bağlı dəqiq tarix vermək mümkün deyil:

“Çünki proses əslində səngiyib, meydanlardan çox başqa platformalarda cərəyan etməkdədir. O cümlədən Rza Pəhləvi bir platforma ortaya qoymağa çalışdı. Ardınca rejimin içərisindən çıxmış Mirhüseyn Musəvi bir platforma ortaya qoydu. Bunların heç biri ilə razılaşmayan İran ziyalıları 21 maddəlik bir platforma irəli sürdülər və öz inqilabi hərəkətlərini müdafiə etməyə çalışdılar. Proseslərin meydan hərəkatlarına qayıtması nəzəri problemlərin həlli ilə bərabər, inqilabın önünə qoyulan maneələrin ortadan qaldırılması ilə birlikdə olacaq. Bu gün İranda yaşayan xalqlar iki cəbhədə vuruşmaq məcburiyyətində qalıblar – səltənətə və vilayətə qarşı. Bu isə istər-istəməz böyük enerji tələb edir. Proseslərin bəlli ölçüdə səngiməsindən sonra tutulanların çoxu həbsdən azad olundu. Onlar göstərdilər ki, rejimin işgəncələri heç bir nəticə verməyib və proseslər son nəticəsinə qədər davam edəcək”.

Milli.Az