İranda İŞİD: İkinci Tacikistan izi – “Bəlkə də terrorçular qisas alır”backend

İranda İŞİD: İkinci Tacikistan izi – “Bəlkə də terrorçular qisas alır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran İŞİD-in yarandığı coğrafiyadan uzaqda olsa da, ona qarşı mübarizədə Tehran həmişə ilk sırada olub”.

Bunu iranşünas-yazar Əziz Rzazadə bildirib.

Onun sözlərinə görə, Suriya və İraq ərazisini əhatə edən geniş məkanda İran bu terror qruplaşmasına qarşı rəsmi Dəməşqin dəvəti ilə göndərdiyi hərbi müşavirlər və paramilitar qruplarla mübarizə aparıb. Yaxın qonşuluqdakı İraqda isə İslam Respublikası həm rəsmi Bağdad, həm də Kürdüstan Regional Hökuməti ilə əməkdaşlıqda İŞİD əleyhinə mübarizəyə dəstək verib.

“Lakin İŞİD-in İran ərazisinə soxula biləcəyi kimsənin ağlına belə gəlmirdi. Hətta 2016-cı ilin iyununda terror qruplaşması ilə əlaqəli 10 nəfər həbs edildikdə bu, istisna hal kimi nəzərdən keçirilib. Bununla belə, 2017-ci ilin yayında İslam Respublikasında İŞİD ilk hücumunu həyata keçirib.

Həmin gün İran ilk şokunu yaşadı: eyni zamanda həm ölkə parlamentinə, həm də Ayətullah Xomeyninin məqbərəsinə hücum edildi. Terror aktı nəticəsində ölənlər oldu”, – deyə Əziz Rzazadə əlavə edib.

O, İŞİD-çilərin etnik mənsubiyyətinə də diqqət yetirdib:

“Bu hücuma görə həbs edilənlərin hamısı kürd mənşəli idi. Ötən il oktyabrın 26-da törədilən və Şahçerağ ziyarətgahını gündəmə gətirən ilk terror aktında isə fərqli coğrafiyanın sakinləri önə çıxdı.

Xatırladım ki, həmin hadisə zamanı aralarında azyaşlı olmaqla, 13 nəfər həlak olub.

Şahçerağda ilk terror aktını törədənlərin əksəriyyəti Orta Asiya, daha doğrusu, tacik mənşəlidir. Qonşu ölkələrdə təlim keçdikdən sonra İŞİD-in əmrini icra etmiş cinayətkarlar arasında, təəssüf ki bir Azərbaycan vətəndaşı da var – Rafael Adilov. O, istintaq dövründə cinayətdə iştirakını açıq şəkildə etiraf edib. Məhkəmənin hökmü ilə edam cəzasına məhkum edilmiş İŞİD-çilər arasında Rafael Adilovun adının olub-olmadığı dəqiq bilinmir, çünki açıqlanmayıb, amma cəzasız qalmadığı şəksizdir”.

İranşünas-yazar avqustun 13-də Şahçerağda törədilən son terror aktına dair deyib:

“İlkin məlumata görə, hücum edən 2 nəfər olub. Onlardan birinin artıq həbs olunduğu deyilir. Bu, Tacikistanın Dağlıq Bədəxşan Vilayətindən olan şəxsdir. Ondan əlavə daha 8 nəfərin şübhəli qismində saxlanıldığı məlumdur. Güman ki istintaq yaxın müddətdə cinayətin təfərrüatlarına dair bəzi mətləbləri açacaq.

Maraqlı olan Şahçerağda törədilən hər iki cinayətdə Tacikistan vətəndaşlarının iştirakıdır. Bu ölkədə son illər sələfi-vəhhabi təbliğatı geniş vüsət alıb. Farsdilli sünni Tacikistan, bir növ, şiə İranına qarşı müqavimət mərkəzinə çevrilir.

Həm də terror üçün niyə eyni məkan seçilib? Bəlkə də bu, ilk uğursuz əməliyyatın qisasıdır.

Ümumiyyətlə, İranda İŞİD-in mövcudluğu gözlənilməz gözləniləndir. Ölkənin istər cənub-qərb, istərsə şərq və cənub-şərq sərhədləri terror meylli qruplaşmaların ovlağıdır. Xüsusən, Sistan və Bəlucistan əyalətində ölüm təhlükəsi saçan qrupların İŞİD, o cümlədən onun “İŞİD Xorasan” adlı qolu, habelə “Pakistan Taliban”ı ilə əlaqələri heç kim üçün sirr deyil”.

Ə. Rzazadə qonşu ölkədə baş vermiş terror aktından çıxarılacaq nəticələri vurğulayıb:

“İŞİD-in məğlub edildiyi elan olunsa da, onun qalıqlarına dair məlumatlar arada-bərədə üzə çıxır. O cümlədən Azərbaycanda. Bu təkcə yaxın keçmişdə Suriya və İraqda qanunsuz birləşmələrə qoşulmuş və hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan vətəndaşlarının müəyyən edilərək məhkəmə qarşısına çıxarılması ilə tamamlanmır. Bir müddət əvvəl Türkiyədə və Gürcüstanda təlim keçən yarıazərbaycanlı İŞİD-çi qrupun yaxalanmasına dair məlumat da bir da təsdiqləyir ki, İŞİD təhlükəsi ilə bağlı sayqılığı itirmək olmaz. Necə deyərlər, ehtiyatlı igidin anası ağlamaz”.

Yenisabah.az