“Yaxın Şərqdə fəaliyyətlərini genişləndirən ABŞ və İsrailin növbəti hədəfi İrandır”.
Bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
Politooq bölgədə baş verənlərin İrana mümkün təsirlərinə diqqət çəkib
“Bir-birinə qonşu olan Livan, Suriya və İraq Birinci Dünya Müharibəsindən sonra, Osmanlı Türkiyəsinin dağılması nəticəsində yaranan dövlətlərdir. Üstündən 100 ildən çox vaxt keçsə də, Birinci Dünya Müharibəsində qələbə qazanan Böyük Britaniya və Fransanın süni şəkildə yaratdıqları bu dövlətlər hələ də ərazi bütövlüklərini təmin edə bilməyiblər. Livan, Suriya və İraq tayfa və məzhəb liderlərinin idarə etdikləri dövlətlərdir, mərkəzi hakimiyyətlər nominal xarakter daşıyır. Hadisələrin bu istiqamətdə inkişafı ABŞ və İsrailin maraqlarına uyğundur, bu ikili bölgəni istədikləri şəkilə salmağa çalışır”.
E.Şahinoğlu qeyd edib ki, İsrail ABŞ-ın dəstəyi sayəsində HƏMAS və “Hizbullah”ı başsız qoyub, komandirlərinin böyük əksəriyyətini öldürüb, üstəgəl, Suriya və İran ərazisindəki hədəflər də vurulur:
“İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və buna bənzər təşkilatlar İsrail-ABŞ cütlüyünü dayandırmaq iqtidarında deyil. Bu ikili növbəti mərhələdə İran üzərində fəaliyyətlərə başlayacaq. İran Prezidenti Məsud Pezeşkianın bugünlərdə səsləndirdiyi “İranda hər hansı hadisə baş verəcəyi təqdirdə Kürdüstan, (Güney) Azərbaycan, Sistan və Bəlucistan, Xuzistan özlərinin hökumətlərini quracaqlar” açıqlaması təsadüfi deyil. ABŞ və İsrail İranda rejim dəyişikliyinə nail ola bilməsə, Pezeşkianın səsləndirdiyi modeli həyata keçirməyə çalışacaq. Azərbaycan buna hazır olmalıdır”.
Yenisabah.az