İranda nə baş verir?-  Aksiyalar getdikcə daha təhlükəli hal alırbackend

İranda nə baş verir?–  Aksiyalar getdikcə daha təhlükəli hal alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranda illərdir yığılıb qalmış çoxsaylı sosial, mədəni, iqtisadi, siyasi problemlər müxtəlif etirazlara səbəb olub. İranda 43 ildir, mövcud siyasi ideoloji cərəyan hakimiyyətdədir. Ötən illər ərzində bu hakimiyyət heç bir islahat aparmayıb və dünya ölkələri ilə 43 il əvvəlki siyasəti yürüdür. Məsələn, İran rəsmiləri və KİV-də Azərbaycanın Bakı Respublikası kimi təqdim olunması bu hakimiyyəti təmsil edənləri və ya ona yaxın təbliğatçıların hələ də içərilərində kin-küdurətin varlığını, köhnə düşüncə ilə dünyaya yanaşdıqlarını göstərir”.

Bu sözləri Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Editor.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, İranda baş verənlərin arxasında dayanan əsas təməl məsələlərdən biri hicabdır:

” Tehran hakimiyyətinin  tətbiq etdiyi hicab qaydası bu rejimin təməl prinsipidir. Bunun pozulması rejimin siyasi ideoloji xəttinin  pozulmasıdır. 43 il bundan əvvəl ölkədə bu qaydalar tətbiq olunmağa başlayıb. Düzdür, 1979-cu ildən 1980-ci ilə qədər cəmiyyətdə qadınlar rejimin tətbiq etdiyi hicab qaydasına etiraz ediblər və çoxlu sayda xanımlar həbs olunub, hətta öldürülüblər. Son zamanlarda İranda əxlaq polisi adlı asayiş keşişçisi, yaxud tətbiq olunan hicab qaydalarına nəzarət edən  qüvvələrin fəaliyyəti güclənib. Onlar metroda, avtobusda, taksidə, küçədə tətbiq olunan hicab qaydalarına əməl etməyənləri  cəzalandırırlar və yaxud onlara etiraz edənləri döyürlər. Bu hadisələrdən biri də bir neçə öncə İranın Kürdüstan əyalətində baş verib. 22 yaşlı Məhsa Əmini döyülərək polis bölməsinə aparılıb. Vəziyyəti ağırlaşan gənc qız xəstəxanaya yerləşdirildikdən sonra ölüb. Bu ölüm Tehran hakimiyyətinin tətbiq etdiyi hicab qaydalarının, insanların məişətinə, davranışına, yaşayışına zorla müdaxilənin nəticəsidir”.

S. Soltan İran mollalarının rejimin qaydalarına uyğun davranışından da bəhs edib:

“Məsələn, bu yaxınlarda Təbrizdə ərlə arvad yolla gedərkən molla qadına hicabla bağlı irad tutanda xanımın həyat yoldaşı ona etiraz edib. Əslində İranın dini qaydalarına görə mollanın qadınla danışmağı qadağandır. Ancaq İran mollası özünə lazım olduqda məhrəm və naməhrəmlik sərhədlərini aşır. Bu tip hallar insanları qanun pozmağa, cinayətə sövq edir. İran hakimiyyəti də bu cür qayda-qanunlarla etirazçıları cinayət törətməyə təhrik edir. Çünki Əmininin qətli ilə bağlı ölkənin müxtəlif yerlərində etiraz aksiyaları keçirilir. İran hakimiyyətində bu tip hallar təkcə  hicabla bağlı deyil. “Hicab” məsələsindən başqa sosial etirazlar da baş qaldırır. Aztəminatlı ailələrə güzəştlərin ləğv edilməsi sosial problem yaradır. Aylarla müəllimlər, fəhlələr əmək haqqları ala bilmir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə həllini gözləyən çoxsaylı problemlər var. Hakimiyyət təmsilçiləri, parlament sədri, hüquq mühafizə orqanlarının nümayəndələri Əmininin qətlinin araşdırılacağı ilə bağlı fikirlər söyləyirlər. Ancaq nəticə odur ki, bir xanım telinin görünməsinə görə öldürülüb və bu qətl İran hakimiyyətinin boynundadır. Hesab edirəm ki, hələ bu hadisələr davam edəcək. Güney azərbaycanlılar da Təbrizdə oxşar etiraz aksiyaları keçirirlər. Fikrimcə bütün sosial problemlər, hakimiyyətin təzyiqləri İrandakı bütün millətlərin ortaq problemidir. Hazırda bir sıra şəhərlərdə etiraz aksiyaları davam edir və hesab edirəm ki, hələ davam edəcək”.

//Gülnarə Abasova, Editor.az