“İranın xarici işlər naziri ilə Azərbaycan xarici işlər naziri arasında telefon danışığının baş tutması, rəsmi Tehranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin ölkə rəsmiləri ilə keçirdiyi görüşlər hələ iki ölkə arasında gərginliyin tam şəkildə aradan qalxması demək deyil”.
Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib. Onun sözlərinə görə, Tehran hakimiyyəti rəsmi Bakı ilə yaratdığı gərginliyi aradan qaldırmaq üçün diplomatik cəhdlər göstərir:

“Azərbaycanın irəli sürdüyü şərtlər və tələblər bəllidir. Lakin bu tələblər hələ də təmin olunmayıb. Bunlardan ən aktualı Azərbaycanın Tehrandakı səfirliyinə terror həyata keçirmiş şəxsin cinayət işi ilə bağlıdır. Rəsmi Bakı bu hadisənin araşdırılmasında Azərbaycanın hüquq mühafizə orqanlarının təmsilçilərinin iştirakını istəyir. İkincisi, İran hələ də bu hücumu məişət hadisəsi kimi təqdim etməyə çalışır. Rəsmi Bakı isə bunu terror aktı kimi dəyərləndirir. Digər məsələ isə İran İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qolunun yaratdığı “Hüseyniyun”-dur. Həmin “Hüseyniyun” Azərbaycan dövlətinə qarşı yaranmış təşkilatdır. Rəsmi Tehran da bunu himayə edir. Tələblərdən biri İranda rəsmi Bakıya qarşı fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının ölkəsinə gətirilməsidir”.
Siyasi şərhçinin fikrincə, Azərbaycanın münasibətlərin normallaşması üçün irəli sürdüyü şərtlərdən heç birinə rəsmi Tehran əməl etməyib:
“Təkliflər ətrafında heç müzakirələr də aparılmayıb. İranın irəli sürdüyü məsələlər isə iqtisadi əməkdaşlıq kimi mövzulardır.Azərbaycanın irəli sürdüyü digər şərtlərdən biri İranın Cənubi Qafqazda pozuculuq fəaliyyətinə son verməsi ilə əlaqədardır. İki ölkə arasında səfirliyin yaranması diplomatik, siyasi münasibətdən qaynaqlanır. Yəni, səfirlik iki ölkə arasındakı münasibətlərin tənzimlənməsində, iqtisadi, ticari, ictimai məsələlərin həyata keçməsində başlıca rol oynayır. Azərbaycanla İran arasında münasibətlər gərgin olduğundan səfirliyin fəaliyyət göstərməsi də mümkünsüzdür. İran tərəfi hələ də Azərbaycanın Tehranda səfirliyi açılacağı təqdirdə onun təhlükəsizliyinə zəmanət vermir “.
//Safura Bənnayeva, Editor.az

