Yaxın Şərqdə geosiyasi dinamikanın kəskinləşdiyi bir vaxtda İran daxilində təhlükəsizliklə bağlı yayılan məlumatlar regional gündəmin əsas mövzularından birinə çevrilib. Tehranın ali siyasi-hərbi strukturunda sabitliyi pozmağa yönəlmiş risklərin artması, xüsusilə də İran kəşfiyyatının yüksək vəzifəli komandirin həyatına sui-qəsd cəhdi barədə açıqlaması, ölkə daxilində və xaricində ciddi müzakirələr doğurur. Analitiklər hesab edir ki, belə informasiyalar həm daxili güc balansını möhkəmləndirməyə xidmət edir, həm də İranın xarici siyasətdə qarşılaşdığı təzyiqlərin fonunda strateji mesaj xarakteri daşıya bilər.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, İran kəşfiyyatının komandirə qarşı sui-qəsd cəhdi ilə bağlı yaydığı məlumat həm diqqətçəkici, həm də dərin təhlil tələb edən məqamlarla zəngindir.

Onun sözlərinə görə, Ayətullah Əli Xamenei 36 ildir İranın siyasi sisteminin əsas dayağı olaraq ölkənin regional siyasətinin formalaşdırılmasında həlledici fiqurdur:
“Xameneinin fəaliyyətindən narazı olan dövlətlərin sayı az deyil. Bölgədə İranın yürüdüyü siyasətin memarı məhz Xamenei hesab edilir və o, sərt xətt tərəfdarlarının lideri kimi tanınır. 12 günlük savaş dövründə onun həyatına real təhlükələrin mövcudluğu barədə ciddi siqnallar var idi. Həmin vaxt ABŞ və İsrail rəsmiləri açıq şəkildə bildirirdilər ki, Xameneinin harada olduğunu bilirlər və onu istənilən an hədəfə ala bilərlər. Müharibə bitdikdən sonra isə ali dini lider bunkerdən çıxaraq yenidən fəaliyyətə başladı”.
Politoloq hazırkı vəziyyətin İran ətrafında gərgin proseslərin davam etməsi ilə üst-üstə düşdüyünü qeyd edib:
“ABŞ-ın davamlı təzyiqləri fonunda Tehran danışıqlara hazır olduğunu bəyan edir. İran prezidentinin ABŞ liderinə göndərdiyi məktubda da bərabərhüquqlu tərəflər kimi dialoqa açıq olduqları vurğulanıb”.
Oqtay Qasımov yayılan sui-qəsd məlumatlarının mahiyyətinə dair iki ehtimal irəli sürüb:
“Birinci ehtimala görə, bu cür məlumatlar İran daxilində ayıqlığı artırmaq, həmrəyliyi gücləndirmək və siyasi rejimi daha sərt xəttə yönəltmək məqsədi daşıyır. 12 günlük savaş göstərdi ki, ölkə daxilində müəyyən boşluqlar mövcuddur və İsraillə əməkdaşlıq edən qruplar hakim elita daxilində belə tapılır. Həmin qrupları zərərsizləşdirmək üçün belə iddiaların gündəmə gətirilməsi mümkündür. İkinci ehtimal daha fərqli məqsəd güdə bilər. Xameneiyə qarşı sui-qəsd cəhdinin gündəmə gətirilməsi ölkədə daxili qarışıqlıq yaratmaq və siyasi sistemi sabitsizləşdirmək istəyən qüvvələrin planı da ola bilər”.
//Gülnarə Abasova, Editor.az

