“İranda etirazlar daha geniş vüsət alır. Demək olar ki, ölkənin bütün vilayətlərində mitinqlər keçirilir. Bir çox hallarda isə aksiyalar xaotik proseslərlə, dağıntılarla müşaiyət olunur. Rəsmi məlumatlara görə, 250-dən artıq insan həlak olmuş, 10 mindən çox insan həbs edilmiş, minlərlə insan xəsarət almışdır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.
Onun sözlərinə görə, İran əhalisinin əksəriyyətini gənclər təşkil edir:
“Ona görə də aksiyalarda gənclər fəallıqları ilə seçilirlər. Molla rejiminin dağılmasına gəldikdə isə, bu bilavasitə İran cəmiyyətinin bütün təbəqələrinin təşkilatlanmasından asılıdır. Tarixi şərait yetişib ki, antiinsani, antiislam rejim dəyişdirilsin. 1979-cu ildən bəri dəfələrlə kütləvi etiraz aksiyaları keçirilmişdir. Lakin rejim tərəfindən amansızlıqla yatırılmışdır. Yeri gəlmişkən, mitinqləri amansızlıqla yatırdanların başında duranlardan biri, Azərbaycandakı iranpərəslərin şəhid kimi qəbul etdikləri Qasım Süleymani idi. Hal-hazırda görünən odur ki, molla rejimi hakimiyyətini saxlamaq üçün, xalqı qırğına verməyə hazırdır”.
Deputatın fikrincə, müəyyən dəyişikliklərin, güzəştlərin olacağı da şübhəsizdir:
“İranda yaşayan soydaşlarımızın taleyinin necə olacağı, hər şeydən əvvəl onların özlərindən asılıdır. Əfsuslar olsun ki, soydaşlarımız arasında müxtəlif firqələrə, dini-siyasi qurumlara parçalanmalar var. Vahid liderin, eyni zamanda, milli birliyin olmaması da özünü göstərir. Məlumdur ki, İranın güc strukturlarında, bir çox rəhbər vəzifələrdə soydaşlarımız çalışır. Həmin şəxslərin rejimə bağlılığı, dini şüuru, milli şüurdan üstün tutmaları da, təşkilatlanmaya mənfi təsir edən amillərdəndir. Bəs bu vəziyyətdə Azərbaycan hansı addımları atmalıdır? Hesab edirəm ki, dövlət olaraq, soyuqqanlı davranmalı, qonşuluq münasibətlərini qorumalıyıq. Ancaq, siyasi partiyalar, vətəndaş cəmiyyətinin müxtəlif institutları vasitəsilə soydaşlarımızın hüquqlarını müdafiə etməliyik. Azərbaycan dövlətini müstəqilliyə aparan tarixi yol imkan verir ki, təcrübələrimizi güneyli soydaşlarımızla bölüşək. Diaspora təşkilatları vasitəsilə xaricdə yaşayan iranlı siyasətçilərin koordinasiya mərkəzi yaradılmalıdır. Onların ölkəmizə və yaxud Türkiyəyə gəlmək imkanları olmalıdır. Əsas məsələ, güneydə fəaliyyət göstərən siyasi partiyaların vahid mövqedən çıxış etmələridir. İranın bir dövlət olaraq parçalanması gözlənilmir. Ancaq, düşünülmüş siyasət aparılarsa, konstitusiya dəyişikliklərinə, muxtariyyət statusuna nail olmaq mümkündür”.
//Safura Bənnayeva, Editor.az

