İrandakı səfirliyimizə törədilən hücumdan artıq bir ay keçir. Ötən gün Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev hadisə ilə öz müsahibəsində bildirib ki, Azərbaycanın İrandakı diplomatik korpusuna silahlı hücumla bağlı işin halları göstərir ki, bu şəxs tək olmayıb və cinayətin bütün iştirakçıları, sifarişçiləri, icraçıları məsuliyyətə cəlb edilməlidir. Onun sözlərinə görə, lazım olarsa, prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları işin gedişatı ilə bağlı İrana ezam oluna bilər. Bildirilib ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumla bağlı bir çox qaranlıq məqamlar var.
Hadisədən bir ay keçməsinə baxmayaraq İran rəsmi dairələri hələ də susub. Görəsən rəsmi Tehran cinayətin açılmasında nə qədər maraqlıdır?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəmməliyev Editor.az-ın suallarını cavablandırıb. O, bildirib ki, İrandakı səfirliyimizə qarşı törədilmiş xain hücumdan sonra keçən müddət ərzində İran hakimiyyətinin davranışları bir daha göstərdi ki, molla rejimi cinayətin açılmasında maraqlı deyil:
“Əksinə, terrorçunun dövlət televiziya kanallarına çıxarılması, ailə-məişət zəminində törədildiyi barədə cəfəng iddiaların irəli sürülməsi və terrorçunun guya ki, psixi xəstə olduğuna görə xəstəxanaya yerləşdirilməsi hadisənin bilavasitə “SEPAH” tərəfindən hazırlandığının sübutudur. Hesab edirəm ki, bu məsələdə hər hansı qaranlıq məqam yoxdur. Əgər, terrorda “SEPAH”-ın əli olmasaydı, Azərbaycan hüquq-mühafizə orqanlarının istintaqda iştirakını təmin etməli idilər. Belə etsəydilər, bu xoşməramlı jest iki dövlət arasında münasibətlərə istilik gətirərdi. İran Azərbaycana dost münasibəti sərgiləsəydi və özünə arxayın olsaydı, birgə istintaq-əməliyyat işlərini təşkil etməli, bütün qaranlıq məqamlara aydınlıq gətirə bilərdi. Bizim DTX və Baş prokurorluq istənilən anda öz mütəxəssislərini İrana ezam edə biləcəklərini əvvəldən bildirmişdilər. Əfsuslar olsun ki, cənub qonşumuz düşmənçilik yolunu tutdu. Nə üzr istədi, nə kompensasiya ilə bağlı təkliflər verdi. Eyni zamanda, cinayəti təşkil edənlər aşkar olunmadı və müvafiq qaydada cəzalandırılmadı”.
Millət vəkili baş verənlərin iki ölkə arasında əməkdaşlığa mənfi təsir göstərdiyini vurğulayıb:
“Biz müstəqillik illərində hər zaman qonşuluq, dostluq münasibətlərinə üstünlük vermiş xalqıq. İran tərəfdən isə hər zaman gördüyümüz xəyanət, təxribat, düşmənçilik münasibəti olub. İki ölkə arasında əlaqələrin gələcəkdə hansı istiqamətdə inkişaf etməsi isə İrandan asılıdır. Səhvlərini etiraf etməklə aradan qaldırmağa çalışsalar biz tərəfdən adekvat reaksiya ala bilərlər”.
//Gülnarə Abasova, Editor.az

