“İranın bu açıqlaması təəccüblüdür. Çünki Kamal Xərazi və onun kimi nümayəndələrin nə səbəbdən belə qənaətə gəlməsi araşdırılmalıdır”.
Bunu Editor.az-a BAO sədrinin müavini, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazinin yerli mediaya müsahibəsində “İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək.Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etməyinin heç bir əsası yoxdur”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasında təkcə Azərbaycan yox, bir çox Avropa ölkələri eləcə Rusiya da maraqlıdır:
“Məsələnin yalnız Azərbaycan üzərinə köklənməsi qəbuledilməzdir. Digər tərəfdən K.Xərazinin belə sərt açıqlama verməsi anlaşılan deyil. Belə ki, Zəngəzurun şərq hissəsi Azərbaycanın nəzarəti altındadır, qərb hissəsi isə tarixi Azərbaycan torpaqlarıdır. Bunu İran da yaxşı bilir”.
F.Ələkbərlinin fikrincə, Zəngəzur dəhlizi məsələsində Azərbaycanın hərbi gücə əl atması yalnız 10 noyabr bəyannaməsinə əməl edilməməsi halda mümkün ola bilər:
“Zəngəzur dəhlizinin açılmasında iqtisadi amillər də böyük rol oynayır. Dəhliz açılmayacaqsa, burada zərərdə olan ölkə yalnız Azərbaycan, ya da Türkiyə olmayacaq. Əksinə daha çox zərər çəkən Avropa ölkələri və Ermənistan olacaq”.
//Safura Bənnayeva, Editor.az

