Fars körfəzi ətrafında gərginlik getdikcə dərinləşir və region qlobal iqtisadiyyatın ən həssas nöqtələrindən birinə çevrilir. Körfəzdən keçən nəqliyyat və ticarət axınında ciddi ləngimələr müşahidə olunur, müharibənin uzanması isə strateji boğazların bağlanması ehtimalını artırır.
Ekspertlər xəbərdarlıq edirlər ki, belə bir ssenari yalnız enerji və ticarət marşrutlarını iflic etməklə kifayətlənməyəcək, eyni zamanda münaqişənin coğrafiyasını genişləndirərək yeni ölkələrin prosesə cəlb olunmasına yol aça bilər.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Fars körfəzi ətrafında davam edən hərbi-siyasi gərginlik artıq yalnız regional təhlükəsizlik məsələsi deyil, həm də qlobal enerji və nəqliyyat sisteminə birbaşa təsir göstərən ciddi təhdidə çevrilib:
“Hazırkı mərhələdə körfəz hövzəsindən yükdaşımaların və enerji ixracının əvvəlki səviyyədə həyata keçirilməməsi göstərir ki, bazarlar artıq müharibənin qısa müddətdə başa çatacağına inanmır. Bu isə münaqişənin daha geniş coğrafiyaya yayılması və Hörmüz boğazı üzərində nəzarət uğrunda mübarizənin daha da kəskinləşməsi riskini artırır. İndiki vəziyyət göstərir ki, bölgədə nəqliyyat fəaliyyəti ciddi şəkildə məhdudlaşıb. Bir çox tanker şirkətləri və sığorta qurumları körfəz istiqamətində daşımaları dayandırıb və ya minimuma endirib.
Müharibə riski sığortalarının ləğvi, tankerlərin lövbərdə gözləməsi və liman əməliyyatlarının dayanması nəticəsində boğaz “de-fakto qapanmış zona” xarakteri almağa başlayıb. Son həftələrdə bölgədə gəmi hərəkətinin 70–80 faiz azalması, bəzi günlərdə isə demək olar ki, tam dayanması bu ehtimalın artıq nəzəri yox, praktik xarakter aldığını göstərir. Əgər müharibə uzanarsa, boğazın tam bağlanması ehtimalı daha da yüksələcək”.
Politoloq qeyd edib ki, bunun bir neçə səbəbi var:
“Birincisi, İran üçün Hörmüz boğazı strateji təzyiq alətidir. Rəsmi Tehran hesab edir ki, hərbi baxımdan ABŞ və İsraillə simmetrik qarşıdurma aparmaq imkanları məhduddur. Ona görə də İranın əsas cavab mexanizmi enerji marşrutlarını təhlükə altına qoymaq və qlobal bazarlarda iqtisadi təlatüm yaratmaqdır. Bu baxımdan İran boğazın tam və ya qismən bağlanmasını yalnız hərbi deyil, həm də siyasi təzyiq vasitəsi kimi istifadə edə bilər.

Aytən Qurbanova
İkincisi, müharibənin uzanması regional aktorların prosesə daha fəal cəlb olunmasına səbəb ola bilər. Hazırda Yəmən ərazisində fəaliyyət göstərən husilərin münaqişəyə daha açıq şəkildə qoşulması müşahidə olunur. Onların əvvəllər Qırmızı dəniz marşrutlarında yaratdığı təhlükə indi daha geniş coğrafiyaya yayıla bilər. Bu isə eyni anda həm Qırmızı dəniz, həm də Hörmüz boğazı istiqamətində ikili nəqliyyat böhranı yaradar. Belə vəziyyətdə yalnız İran deyil, həmçinin husilər, regiondakı şiə silahlı qruplar və bəzi Körfəz ölkələri də münaqişənin aktiv iştirakçısına çevrilə bilər. Müharibənin genişlənməsi ehtimalı xüsusilə enerji infrastrukturuna zərbələrin artması fonunda daha real görünür”.
Politoloq bildirib ki, son günlər limanlara, terminallara və logistika mərkəzlərinə hücumlar müşahidə olunur:
“Salalah limanı ətrafında təhlükəsizlik insidenti səbəbindən əməliyyatların dayandırılması göstərir ki, risk yalnız boğazla məhdudlaşmır və bütövlükdə körfəz logistika sistemi təzyiq altındadır. Əgər bu tendensiya davam edərsə, regionda fəaliyyət göstərən beynəlxalq şirkətlər və dəniz daşıyıcıları daha təhlükəsiz marşrutlara üstünlük verəcək. Bu isə qlobal ticarət zəncirində gecikmələrə və qiymət artımına səbəb olacaq.
Nəticə etibarilə, mövcud proseslər göstərir ki, müharibənin uzanması halında Hörmüz boğazının tam bağlanması ehtimalı kifayət qədər yüksəkdir. Lakin daha böyük təhlükə yalnız boğazın bağlanması deyil. Münaqişənin çoxsaylı regional aktorların iştirakı ilə genişmiqyaslı Orta Şərq böhranına çevrilməsi, qlobal enerji bazarlarını, dəniz ticarətini və beynəlxalq təhlükəsizlik sistemini uzunmüddətli qeyri-sabitlik mərhələsinə sürükləyə bilər”.

