İrandan geri addım: “Artıq başa düşürlər ki, Azərbaycanla sərt ritorika, təzyiq dili ilə danışmaq mümkün deyil”backend

İrandan geri addım: “Artıq başa düşürlər ki, Azərbaycanla sərt ritorika, təzyiq dili ilə danışmaq mümkün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın yükdaşımaları ilə məşğul olan şirkətlərə rəsmi olaraq Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olmalarını qadağan etməsi, Azərbaycanla münasibətlərin bərpa olunması istiqamətində atılan addımlar və qarşılıqlı olaraq Azərbaycan tərəfinin növbəti dəfə humanistlik nümayiş etdirərək ərazilərinə qanunsuz şəkildə daxil olan, qaçaqmalçılıqla məşğul olan Azərbaycan gömrük orqanları tərəfindən saxlanılmış İranlı sürücülərinin geri qaytarılması onu deməyə imkan verir ki, artıq İran-Azərbaycan münasibətləri normallaşmağa doğru gedir. Bunu əslində İran dövlətinin Azərbaycana qarşı etdiyi səhvləri düzəltmək məqsədilə atdığı addımlar kimi də qiymətləndirə bilərik”.

Bu sözləri Editor.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev deyib.

Siyasi analitik bildirib ki, Azərbaycan hər zaman İrandan tarixi qonşuluq əlaqələrinə, İslam həmrəyliyinə uyğun davranışlar nümayiş etdirməyi, səsləndirdiyi bəyanatlarla əməllərinin üst-üstə düşməsini gözləyib:

“Eyni zamanda, Azərbaycan İrandan ərazilərinə qanunsuz yükdaşımalarının qarşısını almağı, separatçı erməni birləşmələrinə dəstək verilməməsini, daxili işlərinə qarışmamağı tələb edirdi. Bir sözlə, Azərbaycan hər zaman İrandan ona göstərdiyi münasibətin qarşılığını gözləyib. Uzun illər ərzində başda ABŞ, NATO müttəfiqləri olmaqla, bir çox beynəlxalq güclər tərəfindən İrana qarşı müxtəlif sanksiyalar tətbiq edilərkən, hətta Fars körfəzinə ABŞ-a məxsus təyyarə daşıyıcılarının daxil olduğu, hər an hərbi əməliyyatların başlaya biləcəyi bir dövrdə belə Azərbaycan öz ərazisindən İrana qarşı addımların atılmasına imkan verməyib və Azərbaycan üzərindən İrana sanksiyaların tətbiq edilməsinə şərait yaratmayıb. Azərbaycan İrana qarşı daim mehriban qonşuluq siyasəti yürüdüb. Eyni münasibəti də İrandan tələb etmişik. Son baş verən hadisələr onu göstərir ki, İran-Azərbaycan münasibətlərinin pozulmasına çalışan müəyyən dairələr artıq anlayıb ki, Azərbaycanla sərt ritorika, təzyiq yolu ilə danışmaq mümkün deyil. Azərbaycan artıq elə bir gücə sahibdir ki, Cənubi Qafqazda baş verən bütün prosesləri onunla razılaşdırmaqla, hesablaşmaqla, Azərbaycan qanunlarına zidd olmayacaq addımlar atmaqla həyata keçirmək mümkündür. Eyni zamanda, Cənubi Qafqazda maraqlı olan bütün dövlətlər regionda atılan hər addımda Azərbaycanın maraqlarını nəzərə almalı, region xalqlarının, Azərbaycan dövlətinin maraqlarına zidd ola biləcək istənilən addımların qarşısında Azərbaycan dövlətinin dayanacağını bilməlidir. Azərbaycan dövləti və onun lideri güclü siyasi iradə ortaya qoyub və bundan sonra Azərbaycanla hesablaşmadan nə Azərbaycan ərazisində, nə də Cənubi Qafqazda hər hansı proseslərə başlamaq və həyata keçirmək mümkün deyil. Bunu İran dövlətinin və cəmiyyətinin də dərk etməsi çox müsbət haldır. Hesab edirəm ki, bundan sonra Azərbaycan-İran münasibətləri daha da yüksələn xətlə inkişaf edəcək, regionda davamlı sülhün bərqərar olmasına öz töhfəsini verəcək”.

//Gülnarə Abasova, Editor.az