Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İrandan İsrailə gələn hədə-qorxu fonunda ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərmək niyyətindədir.
Editor.az bildirir ki, bu barədə avqustun 2-də “The New York Times” öz mənbələrinə istinadən yazıb.
ABŞ hərbi rəsmisi mediaya bildirib ki, Yaxın Şərqdəki Amerika qüvvələri döyüş hazırlığını artırmaq, öz qoşunlarını və müttəfiqlərini İran və ya Tehranın dəstəklədiyi qrupların hər hansı təhdidlərindən qorumaq üçün “lazımi tədbirlər” görür. Mətbuatda qeyd edilir ki, göndəriləcək təyyarələrin sayı hələ də işlənir.
Bundan əvvəl, avqustun 1-də ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Vaşinqtonun İsrailə özünü İrandan, eləcə də Tehranın dəstəklədiyi Fələstinin HƏMAS terror qruplaşmasının bütün təhdidlərindən müdafiə üçün kömək etməyə hazır olduğunu təsdiqləyib: “Prezident ballistik raketlər və pilotsuz təyyarələr, o cümlədən ABŞ-ın yeni müdafiə xarakterli hərbi yerləşdirmələri də daxil olmaqla, təhdidlərə qarşı İsrailin müdafiəsini dəstəkləmək səylərini müzakirə edib”, – bəyanatda deyilir.
//Samir Qurbanov, Editor.az