İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının rəsmisi İbrahim Zülfüqari fevralın sonunda (2026) başlayan hərbi əməliyyatların yeni fazasını elan edib.
Tehran ABŞ və İsrailin regiondakı iqtisadi mərkəzlərini və banklarını hədəf alacağını bəyan edib.
Zülfüqari bildirib ki, bu addım Şimali Tehranda yerləşən İran bankına (əməkdaşların fevral ayının maaşlarını hazırladığı vaxtda) endirilən və mülki itkilərlə nəticələnən “qanunsuz” hava zərbəsinə cavabdır. “Düşmən bizi bu addımla ABŞ və sionist rejimlə əlaqəli iqtisadi mərkəzlərə zərbə endirməyə məcbur etdi”, — deyə o qeyd edib.
İran hərbçiləri region ölkələrinin (BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və s.) mülki əhalisinə müraciət edərək, ABŞ və İsrail banklarının binalarına 1 kilometrdən çox yaxınlaşmamağı tövsiyə ediblər. Bu, yaxın saatlarda həmin obyektlərə raket və ya kamikadze dron zərbələrinin endirilə biləcəyinə işarədir.
Ekspertlər hesab edirlər ki, “Xatəm əl-Ənbiya” qərargahının bu hədəsi təkcə raket zərbələrini deyil, həm də bank sistemlərini iflic edəcək genişmiqyaslı kiberhücumları (DDoS və məlumatların silinməsi) nəzərdə tutur.
İqtisadi infrastrukturun hədəf seçilməsi müharibənin miqyasını genişləndirir.
Xatırladaq ki, artıq SEPAH tərəfindən Bəhreyndəki ABŞ 5-ci Donanma qərargahına və Küveytdəki bazalara zərbələr endirilib ki, bu da Pentaqona yüz milyonlarla dollar ziyan vurub.
Beynəlxalq müşahidəçilər xəbərdarlıq edirlər ki, bank sektoruna hücumlar regionda ticarəti tamamilə dayandıra və onsuz da gərgin olan neft bazarlarında növbəti qiymət sıçrayışına səbəb ola bilər.
Musavat.com

