İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına endirdiyi qəfil raket və PUA zərbələri nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin ən qiymətli strateji aktivlərindən biri olan “E-3 Sentry” (AWACS) uzaqdan aşkaretmə və idarəetmə təyyarəsi ciddi zədələnib.
ABŞ-ın nüfuzlu “Air & Space Forces Magazine” nəşri hərbi mənbələrə istinadən bu itkinin koalisiyanın Körfəz üzərindəki hava üstünlüyünə və kəşfiyyat imkanlarına ağır zərbə vurduğunu bildirib.
Məlumata görə, müharibənin əvvəlində cəmi 6 ədəd “E-3G Sentry” təyyarəsinin yerləşdiyi bu strateji bazada baş verən hücum zamanı həmçinin hava əməliyyatlarının “onurğa sütunu” sayılan bir neçə “KC-135 Stratotanker” yanacaqdoldurma təyyarəsi də sıradan çıxıb və 10 ABŞ hərbçisi yaralanıb ki, onlardan 2-nin vəziyyəti ağırdır. “New York Times” nəşrinin də təsdiqlədiyi bu sarsıdıcı zərbə nəticəsində ABŞ-ın regiondakı ən bahalı “uçan qərargah”larından birinin zədələnməsi Pentaqonun hava hücumundan müdafiə sisteminin ciddi uğursuzluğu kimi qiymətləndirilir, çünki bu təyyarələr 400 kilometr radiusda bütün düşmən hədəflərini izləmək və döyüşü idarə etmək funksiyasını daşıyırdı.
Analitiklər qeyd edirlər ki, Şahzadə Sultan bazası kimi yüksək səviyyədə qorunan bir obyektin vurulması İranın hələ də yüksək dəqiqlikli raket arsenalına malik olduğunu və İsrailin son nüvə obyektlərinə zərbələrinə Tehranın “qanlı cavab” vermək qabiliyyətini nümayiş etdirir. Hazırda ABŞ komandanlığı itkiləri kompensasiya etmək üçün regiona əlavə kəşfiyyat təyyarələri və hava-desant bölmələrini göndərmək barədə təcili qərar qəbul edib.
Musavat.com

