“Son dövrlər İran tərəfindən Zəngəzur dəhlizinə alternativ olaraq İran- Gürcüstan- Ermənistan nəqliyyat dəhlizinin açılması istiqamətində müzakirələr sürətlənib. Əsas məqsəd Fars körfəzindən Qara dənizə yüklərin daşınmasını həyata keçirtməkdir. İran -Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Zəngəzur dəhlizinə alternativ “Qafqaz dəhlizi” ideyasının gerçəkləşdirmək üçün atdığı addımlarla İran öz hədəfinə çatmaq istəyir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O, bildirib ki, Türkiyə və Azərbaycanın region dövlətlərinə təklif etdiyi “3+3” formatından kənarda başqa planların qurulması, yeni tranzit yolunun tikilməsi ilə bağlı təkliflər kifayət qədər münasibətləri gərginləşdirəcək:
“Zəngəzur dəhlizinə alternativ olaraq nəzərdə tutulan marşurut xətlərinin inşası üçün qeyd olunan ərazi çətin relyefi olan bölgədir və bura investisiya qoyulması istiqamətində həyata keçirilən fəaliyyət heç bir nəticə verməyəcək. Böyük investorlar bu cür çətin bir ərazidən nəqliyyat xətlərinin çəkilməsi ilə bağlı maliyyə qoyulmasından çəkinəcəklər. Ermənistan-Gürcüstan arasında nəqliyyat əlaqəsini təmin edən Yuxarı Lars yolunda qışda avtomobillərin keçməsində xeyli çətinliklər yaranır. Nəqliyyat xətlərinin inşası ilə gələcəkdə Qara dəniz vasitəsilə Bolqarıstan və Yunanıstan marşurut xətti vasitəsilə Qərbə çıxış imkanları araşdırılır. Ən ideal variant isə Zəngəzur dəhlizidir və regional dövlətlərin, xüsusilə Rusiya, Türkiyə və Azərbaycanın bu istiqamətdə gördüyü işlər “Qafqaz dəhlizi” ideyasını puç edəcək. Ən önəmli məsələ isə burada Rusiyanın mövqeyidir və İran -Ermənistan-Gürcüstan xəttində Rusiyanın iştirakı nəzərdə tutulmur. Rusiya çalışacaq ki, özünün iştirak edəcəyi Zəngəzur dəhlizinin açılmasına daha çox diqqət ayırsın. 11 yanvar tarixində imzalanan üçtərəfli birgə bəyanat nəticəsində baş nazir müavinləri səviyyəsində işçi qrup formalaşdırılıb və bu istiqamətdə mütəmadi görüşlər keçirilir. Rusiya baş nazir müavini Aleksey Overçuk isə bu istiqamətdə öz təşəbbüsləri ilə fərqlənir. Ona görə də Rusiyanın təzyiqi və təkidi ilə Ermənistan da Zəngəzur dəhlizinə qoşulacaq”.
//Gülnarə Abasova, Editor.az

