Reuters agentliyinə danışan üç iranlı mənbə Tehranın mümkün danışıqlarda əsas prioritetlərini açıqlayıb. Musavat.com xəbər verir ki, İran bütün diplomatik təmaslarda üç prinsip üzərində israr edəcək.
Birinci şərt – gələcəkdə İrana qarşı hərbi hücumların baş verməyəcəyinə dair qəti və hüquqi zəmanətlərin verilməsidir. Tehran hesab edir ki, belə təminatlar olmadan heç bir razılaşma uzunmüddətli ola bilməz.
İkinci prinsip – son hücumlar nəticəsində dəyən ziyana görə kompensasiyanın ödənilməsidir. İran tərəfi həm infrastruktur itkilərinin, həm də iqtisadi zərərin qarşılanmasını tələb edir.
Üçüncü və ən həssas məsələ isə Hörmüz boğazı ilə bağlıdır. Mənbələrin sözlərinə görə, Tehran bu strateji keçid üzərində rəsmi nəzarət məsələsini də danışıqların əsas mövzularından biri kimi gündəmə gətirəcək.
Bununla yanaşı, İranın mövqeyi dəyişməz qalır: rəsmi Tehran ballistik raket proqramının müzakirəsini qəti şəkildə rədd edir və bu mövzunun danışıqlar paketinə daxil edilməsinə imkan verməyəcəyini bildirir.
Musavat.com

