İsrail Müdafiə Ordusu (SAXAL) İranın dəniz silahlarının istehsalı, planlaşdırılması və saxlanması üçün istifadə olunan “ən mərkəzi” və strateji əhəmiyyətli hərbi obyekti darmadağın etdiyini açıqlayıb.
Ordunun yaydığı rəsmi bəyanata görə, İranın Yezd şəhərində yerləşən bu məxfi müəssisə İran Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş müasir raketlərin və minaların əsas istehsal mərkəzi olub. Məlumata görə, hədəf alınan obyektdə suüstü gəmilər, sualtı qayıqlar və helikopterlərdən həm hərəkət edən, həm də stasionar dəniz hədəflərinə qarşı buraxılan ən yeni nəsil raketlərin layihələndirilməsi, yığılması və sınaqları həyata keçirilirdi.
SAXAL vurğulayır ki, bu obyekt İranın dənizdəki hücum potensialının “ürəyi” hesab olunurdu və burada hazırlanan silahlar Hörmüz boğazında naviqasiya azadlığını təhlükə altına qanunsuz dəniz əməliyyatlarında istifadə edilirdi. Zərbə nəticəsində zavodun istehsal xətlərinin və hazır raket anbarlarının tamamilə sıradan çıxdığı, həmçinin SEPAH-ın dəniz silahlanması üzrə aparıcı mütəxəssislərinin hadisə yerində ola biləcəyi ehtimal edilir.
Qeyd olunur ki, Yezd şəhərinin sahildən uzaqda, ölkənin içərisində yerləşməsinə baxmayaraq belə dəqiqliklə vurulması, İsrail kəşfiyyatının İranın hərbi-sənaye kompleksinin ən gizli nöqtələrinə nəzarət etdiyini bir daha nümayiş etdirir. Bu hücum, bir neçə gün əvvəl SEPAH-ın Dəniz Qüvvələri komandanı Əlirza Təngsirinin öldürülməsindən sonra İranın dəniz gücünə vurulan ikinci ən ağır zərbədir.
Musavat.com

